ABŞ-da 55 yaşında bir adam prezident Barak Obamanı şifahi və sosial media hesabı üzərindən ölümlə təhdid etdiyi üçün federal məhkəmə tərəfindən 3 il həbs cəzasına məhkum edilib.
Strateq.az xəbər verir ki, bu xəbəri ABŞ Prokurorluğu yayıb.
Məlumata görə, müttəhim Bryan Daçer ötən ilin iyul ayında prezidentin təhlükəsizlik məmurlarından birinə mitinqdə çıxış etməyə hazırlanan Obamanı öldürmək istədiyini bildirərək deyib: "O qəsbkar buradadır. Fürsət tapsam, onu vuracağam."
Daçer bundan bir gün əvvəl də facebook hesabından təhdid dolu status paylaşıb: "Zaman yetişdi. Cümə axşamı günü La Crossda olacağam. Ümid edirəm ki, prezident kimi davranan həmin adamı dəqiq şəkildə vura biləcəyəm. Onu öldürmək bizim konstitusiya borcumuzdur".
Qeyd edək ki, Daçer Obamanı ölümlə təhdid etdiyinə görə cəzalandırılan ilk ABŞ vətəndaşı deyil. 2013-cü ildə floridalı Kristofer Kastillo adlı vətəndaş da facebook üzərindən Obamanı "ölümlə təhdid etməsi" ittihamıyla 15 ay həbs cəzasına layiq görülmüşdü. Məhkəmə zamanı Kastilla zarafat etdiyini desə də, məhkəmə onun “göz yaşlarına” inanmamışdı.
Eyni suçu işləyən Daçer Kastilladan 1 il 9 ay artıq azadlıqdan məhrum edilib. Prokurorluq bunun səbəbini onun öz təhdidini həm yazılı, həm də şifai şəkildə etməsiylə əsaslandırıb.