XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

28 Mart 2016 - 13:17

Ağac ekoloji təmizliyə aid deyilsə… –“Təmiz Binəqədi”, ümumiyyətlə, nə deməkdir?

 

Azərbaycan qəribə ölkələr sırasında, bəlkə də, ən öncül sıralarda dayanır.

Sirr deyil ki, bütün məmurların şəklini başının üstündən asıb, “ümummilli  lider” kimi qəbul etdikləri mərhum prezidentimiz Heydər Əliyev Bakının yaşıllaşdırılması üçün əlindən gələni əsirgəməyib. Hətta neft hasilatı ilə ekoloji təmizliyi gündən-günə korlanan paytaxtın yaşılllaşdırılması üçün ibrətamiz fikirlər səsləndirərək, hər kəsi buna təşviq edib. “Ağaclar mənim qollarımdır. Kim ağac kəsərsə, bilsin ki, mənim qollarımı kəsir” sözləri mərhum Heydər Əliyevdən gələcək nəsillərə qalan kəlam mirası kimi tarixə düşüb.

İndi onun portretinin altında əyləşən məmurlar isə parklardakı ağacları kəsib torpağını qarşı-qarış iaşə obyektləri tikmək istəyən pullu şəxslərə satırlar. Demək olar ki, hər rayonda qarşılaşdığımız bu mənzərə getdikcə paytaxtımızın ekologiyasını korlayır, hətta sovet hökuməti zamanında salınmış “ağ ciyər”lərini də məhv edir. Maraqlıdır ki, bəzən Heydər Əliyevin ağaclarla bağlı dilə gətirdiyi yuxarıdakı kəlam belə, iri lövhələrdə qolları, budaqları kəsilən, kökündən çıxarılan parkların “sinəsindən” asılır.

Bu da azmış kimi, bəzi rayonlarda yerli sakinlərin yaşıllaşdırma təşəbbüslərinin qarşısı yenə rayon rəhbərliyi tərəfindən alınır.

Strateq.az-ın oxuculara təqdim etdiyi aşağıdakı video paytaxtımızda hökm sürən “ağ ciyər” qəssablığının bariz nümunələrindən daha biridir.

Binəqədi rayonunun bəzi sakinləri tərəfindən lentə alınıb redaksiyamıza göndərilən videodan aydın olur ki, öz yaşadıqları ərazinin səkilərini yaşıllaşdırmaq istəyən insanların bu xeyrxah niyyətləri gözlərindəcə qoyulub. Özü də rayonun yaşıllaşdırılmasına birbaşa cavabdeh olan yerli icra hakimiyyəti tərəfindən…

Sakinlərin öz ciblərinin puluyla alıb səkilərin kənarına əkdikləri ağaclar üzərindən bir gün keçməmiş icra orqanlarının “qətlinə” məruz qalıb. Səbəb isə çox anlaşılmaz olub. İcra nümayəndəliyindən sakinlərə bildiriblər ki, bu xeyirxah təşəbbüs üçün, gərək “rayonun sahibindən” icazə alardılar. Azərbaycan reallığında icra başçısından alınan icazənin nə anlama gəldiyi üzərində uzun-uzadı dayanmaq istəmirik. Ümidavarıq ki, əlaqədar qurumlar tədqim etdiyimiz video-faktı əsas götürüb hansı icazədən söhbət getdiyini, ağacların niyə kəsildiyinin əsl səbəblərini araşdıracaqlar.

Bizi maraqlandıran isə başqa məsələdir. Avropa və Qərb ölkələrində, adətən, vətəndaşların bu xeyirxah təşəbbüsləri mükafatlandırılır. Bizdə niyə təmiz hava almaq niyyəti cəzaya layiq görülür? Özü də “təmiz Binəqədi” şüarını özünün simvoluna çevirən bir rayonda.

Sözügedən rayonun icra hakimiyyəti ağaclandırmanı təmizliyə şamil etmirsə, “təmiz Binəqədi” deyəndə, nəyi nəzərdə tutur?

Ümidvarıq ki, bizim və yerli sakinlərin anlaya bilmədiyimiz bu mətləblərə, öz təbirlərincə desək, “rayonun sahibləri” aydınlıq gətirəcəklər. Bəs, bu aydınlaşdırmaya ölkənin əsl sahibləri necə baxacaqlar? Arzu edərdik ki, bu sualın cavabı da yaxın günlərdə aydınlaşsın.

 

Heydər Oğuz

Strateq.az