Dərbənd meri azərbaycanlı oldu – Seçki

Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərinin yeni meri seçilib.
Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Dərbənd şəhər Məclisinin bugünkü iclasında keçirilən səsvermədə milliyətcə azərbaycanlı namizəd Azadi Rəhimov mer seçilib.
A.Rəhimov Dağıstanın milli siyasət nazirinin müavini Əlövsət Fərruxovu 1 səs çox toplamaqla qabaqlayıb.
Bu il fevralın 14-də Dərbənddəki torpaq sahələrinin qanunsuz satışı ilə məşğul olduğu üçün istefa verməyə məcbur olan sabiq mer Mövsüm Rəhimov da yenidən öz namizədliyini verəcəyini bəyan etmişdi, amma səsverməyə 15 dəqiqə qalanda geri çəkildi.
Fevralın 15-dən Dərbənd meri səlahiyyətlərini müvəqqəti icra edən Azadi Rəhimov Dağıstanın Tabasaran rayonundakı Darvaq kəndində anadan olub. O, bundan əvvəl Dağıstanın ədliyyə naziri vəzifəsində çalışıb və hazırki Dağıstan rəhbəri Ramazan Abdulatipovun kadrı hesab olunur.