XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

22 May 2015 - 14:11

Əsəd rejimi mühasirə altında

İraqın Ənbar vilayətində ciddi uğurlar əldə edən İŞİD Suriyada da irəliləyişini davam etdirir. Dünən ölkənin antik şəhərlərindən sayılan Palmiranı ələ keçirən təşkilat Suriyanın 50%-inə nəzarət etdiyini açıqlamışdı. Suriyanın “İnsan hüquqlarını müşahidə evi” təşkilatı bu faktı təsdiqləmiş və İraq-Suriya sərhəddində son qapının da İŞİD-in əlinə keçdiyini bildirmişdi.

Beləcə, İraqın Ənbar vilayətilə Suriyanın Palmira şəhəri arasında əlaqə quran İŞİD bu əməliyyatla Bəşər Əsəd rejiminə qarşı çox önəmli üstünlük qazandı. Sözügedən rejimin hərbi baxımdan İrandan qidalandığını nəzərə alsaq, sərhəddəki son qapının itirilməsi Bəşər Əsədin tamamilə yalnızlaşdırılması və lojistik dəstəkdən məhrum olması deməkdirlər.

Qeyd edək ki, şərqdən üzünə bütün qapıların bağlandığı Bəşər Əsəd Suriyasının qərbdən dünyaya açılan digər qapısı Aralıq dənizi sahillərində yerləşən Lazkiyə vilayəti idi. Bu vilayəti isə Qərb və Türkiyə tərəfindən rejimə qarşı dəstəklənən Azad Suriya Ordusu ötən ay ələ keçirməyə çalışmış və bölgənin Dəməşqlə əlaqəsini faktiki kəsmişdi. Bu durumda hər tərəfdən mühasirəyə düşən rejimin indi yalnız öz gücüylə vuruşmaqdan başqa çarəsi qalmır.

Olduqca çətin vəziyyətdə olan Əsəd ordusu bu müharibədə xalq amilindən istifadə etməyə çaışır və bu metodlar olduqca təhlükəlidir. Verilən məlumatlara görə, Palmiradan qaçmaq istəyən əhalinin önünü kəsən Əsəd ordusu bununla şəhər əhalisini özünümüdafiəyə məcbur etmək istəyir. Əliyalın palmiralılar indi iki atəş arasında qalıblar. Beynəlxalq hümanitar təşkilatlar bu durumun xeyli insan itkisinə yol açacağından əndişəlidirlər.

Maraqlıdır ki, İŞİD-ə qarşı xalqı “canlı qalxan”a çevirmək siyasəti təkcə Bəşər Əsədin ağlının məhsulu deyil. Eyni siyasətdən İraqda da istifadə olunur və ABŞ prezidenti Barak Obama bunu açıq mətnlə etiraf etmişdir. O, “The Atlantic” dərgisinə müsahibəsində sünnü əşirətləri İŞİD-ə qarşı savaşdırmaq üçün Ramadi şəhərini müharibə taktikasının bir tələbi olaraq qəsdən müdafiəsiz buraxdıqlarını bildirmişdi.

Müttəfiqinin bu çətin durumuna laqeyd qalmayacağı güman olunan İranın proseslərə müdaxilə etmək ehtimalı var. Bu isə bölgə hegemonluğu yarışına girən Türkiyə və Səudiyyə Ərəbistanının hadisələrə cəlb olunmasına yol aça bilər. Qısası, Yaxın Şərqdə hərbi-siyasi ab-hava getdikcə daha çox isinməyə doğru sürüklənir.

Heydər Oğuz

Strateq.az