XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2020 - 16:04

Silahlı münaqişələr və tibbi personalın statusu –Beynəlxalq hüquqda tibbi xidmət dedikdə, nə nəzərdə tutulur?

 Sevda Aydın KƏRİMOVA

Hüquqşünas, BDU Hüquq fakültəsinin müəllimi,

AMEA Hüquq və İnsan haqları İnstitutunun doktorantı

 

İstənilən müharibə müvəqqəti hesab edilir, ona görə də müharibə beynəlxalq humanitar hüququn müəyyənləşdirdiyi çərçivə daxilində elə metodlarla aparılmamalıdır və elə nəticələr doğurmamalıdır ki, sonradan tərəflər arasında sülh bağlamaq mümkün olmasın və ya müharibənin doğurduğu dağıntılar bərpa oluna bilməsin.

Hərbi münaqişələrin aparılması qaydalarının formalaşdırılması və kodlaşdırılması prosesi yüz illər ərzində davam etmişdir. Kaş ki, insan həyatının dəyərini azaldan, faciə və dağıntılara səbəb olan müharibələr, hərbi toqquşmalar olmayaydı. Təəssüf ki, şovinist, yalançı ideyalarla zombiləşdirilmiş, imperialist qüvvələrin əlində oyuncaq olan qonşularımızın təcavüzkar əməlləri bizim xalqımızı silah götürməyə, özünü qorumağa məcbur edir.

Beynəlxalq humanitar hüququn ən humanist və vacib subyekti silahlı münaqişəyə qarışmayan, beynəlxalq deontologiya kodeksində və humanitar hüquqda göstərilən peşə prinsiplərinə əməl etməyə borclu olan, müharibənin əzabını çəkməli olan, həyatını riskə atan həkimlərdir.

Nəzərə alsaq ki, bütün dövrlərdə həkim xəstənin həyatı və ölümü, onun fiziki və psixi toxunulmazlığı üzərində hakim olur, onların fəaliyyətinə peşə etikası normaları qanunlardan daha güclü təsir göstərir. Yüksək insani dəyərlər bütün zamanlarda, bütün şəraitlərdə gözlənilməlidir.

Humanitar hüquq müharibə dövründə tibbi missiyanın prinsiplərini, tibbi xidmətin vəzifələrini müəyyən etdiyi kimi, konfliktdə olan dövlətlərin tibbi personala münasibətini, həkimlərin, tibb müəssisələrinin, nəqliyyat vasitələrinin toxunulmazlığını təmin etmək vəzifəsini də təsbit etmişdir.

Roma Statutunda qeyd edildiyi kimi, beynəlxalq və ya qeyri-beynəlxalq silahlı konflikt zamanı tibbi personala qəsdən hücum etmək humanitar hüquqla təqib olunan və Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aid edilən hərbi cinayətdir.

Təəssüf ki, döyüş meydanında uduzduqca quduzlaşan erməni tərəfi, onların siyasi-hərbi rəhbərliyi, zabit və əsgərləri yaralı və xəstələrə xidmət göstərən həkimlərə və digər tibb işçilərinə atəş açmaqla insanlığa qarşı ağır cinayət törədir, mütərəqqi insanların yüz illərlə formalaşdırdığı etik dəyərləri ayaq altına atırlar.

Hüquq ədəbiyyatında və deontologiyada ciddi tədqiq olunan məsələlərdən biri də həkimlərin himayə olunma statusudur. Məlum olduğu kimi, hələ qədimdən insanları xilas etmək missiyasını yerinə yetirməsi üçün həkimlər müəyyən təhlükəsizlik və müdafiə immunitetinə malik olmuş, hərbi konfliktdə olan tərəflərin hamısı tibbi personalın himayədə olduğunu qəbul etmişlər.

Tarixi baxımdan, humanitar hüququn ən qədim qaydalarından olan bu fəaliyyətə görə yaralıların və xəstələrin müdafiəsi və müalicəsi müharibədən və ya dinc dövrdən asılı olmayaraq insanlara humanist münasibətin əsasını təşkil edir.

Fikrimizcə, həkimlərə və digər tibb xidməti personalına, başqa sözlə tibb missiyasına hətta üz-üzə durub bir-birini məhv etməyə hazır olan döyüşçülərin qəbul etdiyi toxunulmazlıq, təhlükəsizlik himayəsinin verilməsi insanlığın humanitar siyasət və humanitar hüquq sahəsində əldə etdiyi nəticələri, uğurları qorumaq və inkişaf etdirmək baxımından da vacibdir.

Cenevrə Konvensiyalarını (bu konvensiyalar və onlara əlavə edilmiş protokollar silahlı münaqişələr zamanı yaralı və xəstə hərbçilərin vəziyyətini yaxşılaşdırmaq, hərbi əsirlərlə rəftar, müharibə zamanı mülki şəxslərin müdafiəsi və ümumiyyətlə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir) kobud şəkildə pozan bu canilər unudurlar ki, humanist missiyanın icraçısı olan səhiyyə xidməti işçiləri nə vaxtsa onların da həyatını xilas edə bilərlər.

Beynəlxalq hüquqda tibbi xidmət dedikdə, tibbi və qeyri-tibbi personal, tibb müəssisəsi və sanitar nəqliyyat vasitəsi nəzərdə tutulur. Cenevrə Konvensiyasına əsasən onların hamısı silahlı konflikt zamanı xüsusi statusa və müdafiə olunmaq hüququna malikdirlər.

Tibb müəssisəsi dedikdə, humanitar hüquqda ilk tibbi xidmət də daxil olmaqla yaralıların və xəstələrin axtarışı, yığılması, daşınması, diaqnozu və ya müalicəsi ilə məşğul olan qurumlar başa düşülür. Başqa sözlə, söhbət müharibə dövründə fəaliyyət göstərən xəstəxanalardan, dispanserlərdən, apteklərdən, laboratoriyalardan və s. gedir.

Sanitar nəqliyyat vasitəsi dedikdə isə yaralıları, xəstələri, tibbi personalı, tibbi materialları daşıyan istənilən hərbi və mülki, daimi və ya müvəqqəti daşıma vasitəsi nəzərdə tutulur. Belə nəqliyyat vasitələrinin üzərinə tanınma emblemi vurulmalıdır (məsələn, Qırmızı xaç və Qırmızı Aypara işarəsi ola bilər).

2020-ci il sentyabrın 27-dən etibarən Ermənistan Respublikasının silahlı qüvvələrinin həyata keçirdiyi hərbi təcavüz nəticəsində indiyədək 5 həkimimiz şəhid olmuşdur. Bundan başqa, bir qadın hərbi tibb qulluqçusu yaralı hərbiçilərimizi döyüş bölgəsindən çıxararkən düşmən tərəfindən şəhid edilmişdir.

Gəncə şəhərinə atılan ballistik raket zərbəsi nəticəsində 4 saylı uşaq poliklinikasına, Bərdə şəhərinə atılmış raketlər nəticəsində isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının binasına və Bərdə Müalicə Diaqnostika Mərkəzinin binasına ciddi zərər dəymişdir.

Tərtər rayonu ərazisinə atılan mərmilər nəticəsində Qapanlı tibb məntəqəsi və Borsunlu həkim məntəqəsi istifadəyə yararsız hala düşmüşdür.

Müxtəlif tarixlərdə yaralıların daşınması zamanı beş ambulans atəşə tutulmuşdur. Onlardan biri tamamilə istifadəyə yararsız hala düşmüş, digərlərinə ciddi ziyan dəymişdir. Bu hadisələrdə zərərçəkənlər arasında həkim, tibb bacısı, feldşer və sürücülər olmuşdur. Onlar barotravma və çoxsaylı müxtəlif bədən xəsarətləri almışlar, uzun müddət müxtəlif tibb müəssisələrində müalicə olunmuşlar.

Bundan başqa, Təcili yardım şöbəsinin bir sürücüsü xəstəxananın balansında olan tranzit maşınla meyit apararkən maşın mərmi ilə vurulmuş, sürücü qəlpə yarası almış və sol aşağı ətrafın 1/3 hissəsi amputasiya olunmuşdur. Hadisə zamanı maşına da ciddi zərər dəymişdir.

Xüsusilə qeyd edilməlidir ki, ermənilərin Azərbaycan torpaqlarını işğalı müddətində 700-ə yaxın tibb müəssisəsi (xəstəxana, aptek, laboratoriya və s. daxil) yox edilmişdir.

Tibb müəssisələrinə, sanitar nəqliyyat vasitələrinə və tibbi personala qarşı törədilən hərbi cinayətlər qeydiyyata alınmalı, foto, video çəkilməli, şahid ifadələri toplanmalı, bura maddi sübutlar əlavə olunmalıdır ki, müvafiq orqanlar beynəlxalq prosedurlara uyğun olaraq beynəlxalq məhkəmələrə müraciət edə bilsinlər.

Belə faktlarla üzləşdikdə sübutların qorunması təmin edilməli, təcili olaraq yaxınlıqdakı tibb müəssisəsinə və hüquq mühafizə orqanlarına xəbər verilməlidir.

Eləcə də, hadisə yerinə yaxınlıqda jurnalistlər, Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətinin nümayəndələri varsa, onlara da məlumat verilməsi vacibdir.

Vaxtında qeydiyyata alınmayan cinayətləri sübut etmək, ermənilərin iç üzünü dünyaya göstərmək, məsuliyyətə cəlb etmək sonra çətin olur.

Müharibə şəraitində deontoloji qaydaların və tibbi personalın toxunulmazlığı prinsiplərinin pozulması hərbi cinayət və insanlıq əleyhinə cinayət hesab olunur, beynəlxalq və ya milli məhkəmələr tərəfindən cinayət sanksiyalarının tətbiqinə əsas verir.