Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan başçıları İlham Əliyev və Nikol Paşinyanı Dağlıq Qarabağdakı münaqişənin sülh yolu ilə həlli üçün şərait yaratmaq əzmini dəstəkləməyə çağırıb.
Strateq.az “Rossiya 24”-ə istinadla xəbər verir ki, o bunu Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Dövlət Başçıları Şurasının iclasındakı çıxışında bildirib.
Putin vurğulayıb: “Həqiqətən də, sıx düyünlə bağlanan bu cür mürəkkəb münaqişələri sülh yolu ilə həll etmək üçün güzəştlər tapmaq, bu güzəştlərə çatmaq lazımdır. Bu da öz növbəsində, qərar verənlərdən cəsarət tələb edir”.
“Bu baxımdan, əlbəttə, hamımız Ermənistanın baş naziri cənab Paşinyan və Azərbaycan Respublikasının Prezidenti cənab Əliyevi bölgədəki vəziyyətin sülh yolu ilə inkişafı üçün şərait yaratmaq və Ermənistanla Azərbaycan xalqları arasında münasibətlərin uzunmüddətli qurulması mənafeyi naminə qərar vermək əzmini də dəstəkləməliyik”, – deyə Rusiya Federasiyasının Prezidenti bildirib.