XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

29 Mart 2016 - 22:07

Deputatlar xaricə nə ilə uçsunlar? –Qalmaqallı təklifə cavablar


 

İqtisadçı Vüqar Bayramov millət vəkillərinin xarici səfərləri ilə bağlı maraqlı təklif irəli sürüb. Ekspertin sözlərinə görə, deputatların dövlət büdcəsi hesabına baş tutan xarici səfərləri biznes-klassla yox, ekonom-klassla həyata keçirilməlidir. 

V.Bayramov hesab edir ki, deputatların ekonom klassda uçması büdcəyə qənaət edilməsi üçün vacibdir: 

“Qənaət paketlərinə səs verən deputatlar eyni zamanda vergi ödəyicilərinin pulu hesabına uçuşlarda biznes-klassdan istifadə etmələrinin qadağan edilməsini də dəstəkləməlidirlər. Yalnız parlament rəhbərliyi üçün belə imkan yaradıla bilər. Bu baxımdan, deputatların büdcə vəsaiti hesabına biznes-klassdan istifadəsinin qadağan edilməsinə ehtiyac var”.

İqtisadçının bu təklifi deputatlar tərəfindən birmənalı qarşılanmayıb. Bəzi parlamentarilər Milli Məclis tərəfindən belə bir qərar verilsə, normal qarşılayacaqlarını, bəziləri isə qənaətin təkcə deputatların səfərləri ilə baş tutmayacağını düşünür. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədovun fikrincə, qənaət təkcə deputatların ekonom klassla xarici səfərlərinin yerinə yetirilməsi ilə həyata keçirilməməlidir:

“Elə uzaq səfərlər olur ki, 8-10 saat uçmalı olursan. Burada müəyyən problemlər olur. Nəzərə almaq lazımdır ki, xarici səfərlərdə yaşlı insanlar, qadınlar da olur. Hesab edirəm ki, qənaət təkcə Milli Məclislə bitmir. Qənaət mexanizmi bütün respublikada, hər bir sahə üzrə həyata keçirilməlidir.

Söhbət büdcə vəsaitindən gedirsə, nəzarət mexanizmi elə həyata keçirilməlidir ki, bütün sahələri əhatə etsin. Burada Milli Məclis istisna deyil. Amma, təkcə parlament deyil axı, hökumətin digər üzvlərinin də gediş-gəlişi nəzərə alınmalıdır. Eyni zamanda söhbət təyyarə biletlərindən getmir, digər xidmətlər də var, onları qeyd etmək lazımdır. Məncə, ölkə üzrə qənaət rejimi işlənib hazırlanmalıdır”, – deyə V.Əhmədov vurğulayıb. 

Millət vəkili Elmira Axundova isə deyib ki, deputatların ekonom, yoxsa biznes-klassda uçması Milli Məclisin qərarından asıldır. 

“Neçə illərdir Milli Məclisin xətti ilə xarici səfərlərə biznes-klassda gedirik. Buna görə rəhbərliyə təşəkkür edirəm. Rəhbərlik qərar versə ki, ekonom-klassda getməlidir, biz bunu qəbul edəcəyik. Mən millət vəkili kimi çox nadir hallarda xaricə səfər edirəm. Milli Məclisin xətti ilə ildə bir və ya iki dəfə xaricə gedirəm.

Şəxsi səfərlərim zamanı ekonom-klassla gedirəm. Bu yaxınlarda Moskvaya ekonom-klassda gedəsi oldum. Çünki biznes-klass çox bahadır və bizim üçün sərfəli deyil. İndi vəziyyət fərqlidir. Hesab edirəm ki, ayağımızı yorğanımıza görə uzatmalıyıq” – deyə E.Axundova qeyd edib. 

Xanım deputatın fikrincə, ekonom-klassla biznes-klass arasında ciddi fərq yoxdur: “AZAL-da biznes klassla, ekonom klass arasında ciddi qiymət fərqi var. Şəxsən mən biznes-klassa o qədər pul xərcləməyi özümə sığışdırmıram. Nəyə lazımdır artıq pul xərcləyək? Biznes-klassa o qədər pul verəcəyimə, ekonom-klassda 3 bilet alaram”. 

Azvision.az