XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

13 Noyabr 2020 - 18:16

İşçi Qrupun rəhbəri:"Tərtərdəki dağıntılar digər rayonlarda olandan çox olduğuna görə, əlavə olaraq iki qrup da yaradılıb"

“Dünəndən artıq komissiya fəaliyyətdədir. Bu günə qədər 60-dan çox evə baxış keçirilib”.

Bunu Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılan Dövlət komissiyasının Tərtər rayonu üzrə İşçi Qrupunun rəhbəri Qubad Heydərov deyib.

İşçi Qrupunun rəhbəri bildirib ki, Tərtər rayonundakı dağıntılar bütün rayonlarda olandan çox olduğuna görə, burada əlavə olaraq iki qrup da yaradılıb: “Həmin qruplar bu gün günortadan sonra fəaliyyətə başlayıblar. Sabahdan işlər daha sürətlə aparılacaq. Dağıntılarla bağlı yekun qiymətləndirilməsi üçün nəticələrin nə vaxt yekunlaşacağı ilə bağlı dəqiq söz demək olmur. Çünki Tərtər rayonunda dağıntılar olduqca çoxdur. Amma Nazirlər Kabinetinin sərəncamında 10 dekabra qədər işləri yekunlaşdırmaq nəzərdə tutulub. Çalışacağıq ki, işləri daha tez yekunlaşdıraq”.

Qeyd edək ki, noyabrın 6-da Azərbaycan Respublikası Prezidenti “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb.

Noyabrın 12-də baş nazir Əli Əsədovun sərəncamı əsasında Prezidentin sərəncamından irəli gələn tapşırıqların icrası məqsədilə İşçi Qrupları yaradılıb.