XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

30 Mart 2016 - 13:45

Qazaxıstanda ictimai nəzarət necə həyata keçirilir?– Qazaxıstanda İctimai Şuraların fəaliyyəti

Qazaxistanada-Ictimai-Shuralar

Bu gün bütün dünyada ictimai nəzarətin həyata keçirilməsi çox vacib bir amil kimi qarşıya qoyulur. Çünki təcrübə göstərir ki, vətəndaşlar tərəfindənreal nəzarətin olmaması hakimiyyət subyektlərinin və dövlət orqanlarının fəaliyyətində operativliyi və səmərliliyi azaldır.  İctimai nəzarət  monitorinq, müşahidə, qiymətləndirmə orqanları, agentlikləri, təşkilatları vasitəsilə hökumət qurumlarının iş və idarəetmə keyfiyyətinin, vəzifəli şəxslərin fəaliyyətinin qanunvericiliyə uyğun olmasını və keyfiyyətlə həyata keçirilməsini təmin etməyə yardım edir.

Azərbaycanda  nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, ictimai nəzarət institutlarının fəaliyyətinin daha səmərli qurulması üçün dünya təcrübəsinin öyrənilməsi məsələləri də aktuallaşıb. Dünya təcrübəsinin öyrənilməsi müasir dövrdə ictimai nəzarət mexanizmlərinin hansı formada və necə tətbiq olunmasını daha aydın dərk etməyə kömək edir.

Bundan əvvəl Rusiya təcrübəsini təqdim etmişdik. Bu dəfə isə ictimai nəzarətin həyata keçirilməsi və mexanizmləri ilə bağlı Qazaxıstan təcrübəsindən söhbət açırıq.

Bu il yanvarın 1-dən etibarən Qazaxıstanda “İctimai Şuralar haqqında” qanuna əsasən yeni İctimai Şuraların yaradılmasına başlanılıb.

Qanuna əsasən İctimai Şuralar nazirliklər, mərkəzi icra hakimiyyəti orqanları, Qazaxıstan hökumətinin tərkibinə daxil olmayan, bilavasitə Prezidentə tabe orqanlar, yerli özünüidarəetmə orqanlarının vətəndaşlar və qeyri-kommersiya təşkilatları ilə birgə yaratdıqları məşvərətçi, müşahidəçi qurumlardır.

Ali Məhkəmə, prorurorluq orqanları, Prezident Adminstrasiyası, Milli Bank, Müdafiə Nazirliyi, Baş nazirin dəftərxanası,  Respublika İnsan Hüquqları Mərkəzi, Hesabalama Palatası,  Prezidentin və Parlamentin Təsərrüfat- İşlər İdarəsi, Mərkəzi Seçki Komissiyası tərəfindən İctimai Şuraların yaradılması nəzərdə tutulmayıb.

İctimai Şuralar iki səviyyədə-respublika və yerli səviyyədə yaradılır.

İctimai Şuraların işi 5 prinsip əsasında qurulub:

  • İctimai əsaslarla işləmək;
  • Avtonomluq;
  • Hər bir Şura digərinə tabe deyil;
  • Müstəqillik;
  • Hər bir Şuranın sədri, rəyasət heyəti mövcuddur, lazım gələrsə digər strukturlar yaradıla bilər.  Şura publik və açıq qurum kimi fəaliyyət göstərir.

İctimai Şuralar necə yaradılır?

Hər bir 18 yaşına çatmış Qazaxıstan vətəndaşı Şura üzvü seçilə bilər. Hər bir ictimai (qeyri-kommersiya) təşkilatından Şuraya yalnız bir üzv seçilə bilər. Vətəndaşlar isə özləri namizədliklərini irəli sürürlər.  Şuranın üçdə birini QHT nümayəndələri, üçdə birini dövlət orqanlarının təmsilçiləri, üçdə birini isə vətəndaşlar təşkil  edirlər.

İctimai Şuraların tərkbinin formalaşdırılması üçün dövlət qurumu və vətəndaş cəmiyyəti təşkilatlatlarının nümayəndələrindən ibarət İşçi Qrup formalaşdırılır.  Tərkib müsabiqə əsasında seçilir. Biznes təşkilatlarının nümayəndələri isə İctimai Şuralarda təmsil oluna bilməz. Hesab edilir ki, bu maraqlar toqquşmasına səbəb ola bilər.

İctimai Şuranın say tərkibi ilə bağlı İşçi Qrup tərəfindən qərar qəbul olunur.

İşçi Qrupun formalaşması və onun fəaliyyəti ilə bağlı digər məsələlər Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir.

İctimai Şurlar 3 müddətinə seçilir. Onun sədrinin tanınmış, nüfuzlu ictimaiyyət xadimlərindən seçilməsi nəzərdə tutulur.

İctimai Şuraların qərarları tövsiyyə xarakteri daşıyacaq. Amma onlar dövlət orqanları tərəfindən mütləq baxılmalıdırlar.  Bu qərarlarla  bağlı yazılı cavab verilməlidir. Bu qərarlar vətəndaş cəmiyyəti təşkilatları nümayəndələri və İctimai Şurada təmsil olunan vətəndaşların iştirakı ilə qəbul olunmalıdır.

Hansı ictimai nəzarət alətləri tətbiq olunacaq?

Qanuna görə, ictimai nəzarətin 4 xüsusi aləti nəzərdə tutulub:

  1. İctimai ekspertiza;
  2. İctimai monitorinq;
  3. İctimai dinləmə;
  4. Dövlət orqanının hesabatı.

Respublika və yerli səviyyədə İctimai Şuraların aşağıdakı səlahiyyətləri var:

  • Büdcə layihələri, ərazilərin strateji planları, yaxud inkişaf planları, dövlət və hökumət proqramlarının müzakirəsi;
  • Büdcə proqramlarının yerinə yetririlməsi, ərazilərin strateji planları, yaxud inkişaf planları, dövlət və hökumət proqramlarının icrasının müzakirəsi;
  • Məqsədli indikatorlara nail olunması ilə bağlı icra hakimiyyəti orqanlarının hesabatlarının müzakirəsi;
  • Büdcə proqramları üzrə gəlirlər və xərclərin müzakirəsi;
  • Vətəndaş hüquq və azadlıqları ilə bağlı normativ-hüquqi aktların hazırlanmasında, müzakirəsində iştirak etmək;
  • Qanunvericiliklə nəzərdə tutulumuş digər ictimai nəzarət formalarının həyata keçirilməsi.

İctimai Şuralar 1 ay müddətində müvafiq orqana tövsiyyələrini verir. Dövlət orqanı isə 10 iş günü müddətində əsaslandırılmış cavab verir.

Bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycanda Yoxsulluğun Azaldılmasına Kömək” İB tərəfindən həyata keçirilən “İctimai nəzarət institutlarının təşviqi” layihəsi çərçivəsində dərc olunur.

Zaur İbrahimli

Strateq.az