XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2020 - 17:57

Nikolas Qovart:"Avropa İttifaqı Qarabağda bərpa və qurulucuq işlərinə dəstək verəcək"

Avropa İttifaqı (Aİ) Qarabağda gələcəkdə nəzərdə tutulan bərpa və qurulucuq işlərində dəstəyini müəyyənləşdirir.

Bunu Avropa Komissiyasının Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları üzrə Direktoratlığının eksperti Nikolas Qovart Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovla onlayn görüş zamanı deyib.

N.Qovart bildirib ki, missiyanın məqsədi Avropa İttifaqı ilə Azərbaycan arasında humanitar əməkdaşlığı müzakirə etmək, həmçinin, Aİ tərəfindən edilə biləcək yardımların formasını, eyni zamanda Qarabağda gələcəkdə nəzərdə tutulan bərpa və quruculuq işlərində dəstəyini müəyyənləşdirməkdir.

Onun sözlərinə görə, missiya məcburi köçkünlərin, eyni zamanda, hərbi əməliyyatlar zamanı zərər görmüş mülki şəxslərin ehtiyaclarını öyrənəcək və Avropa İttifaqının bu ailələrə necə dəstək verəcəyini müəyyən edəcək.

Görüş zamanı F.Hüseynov Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusunun sentyabrın 27-dən noyabrın 10-dək apardığı əks-həmlə əməliyyatı haqqında məlumat verib. Bildirilib ki, bu əməliyyat nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib. Eyni zamanda, qeyd edilib ki, hərbi əməliyyatlar zamanı Ermənistan silahlı birləşmələrinin ölkəmizin cəbhə zonasından uzaq yaşayış məntəqələrini artilleriya və raket atəşinə məruz qoyması nəticəsində mülki şəxslər, o cümlədən məcburi köçkünlər arasında ölənlər və yaralananlar var. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə istifadəyə verilmiş qəsəbələr də daxil olmaqla, 300-dən çox müvəqqəti məskunlaşma obyekti qismən, yaxud tamamilə dağıdılıb. Mütəmadi atəşə tutulan Ağdam, Tərtər, Goranboy, Füzuli, Bərdə və Cəbrayıl rayonlarında məskunlaşmış köçkünlər digər rayonlara təxliyə olunub. Bu ailələrin ərzaq, qeyri-ərzaq, tibbi yardım və digər ləvazimatlara ehtiyacı var.

Bundan başqa, nəzərə çatdırılıb ki, 30 ilə yaxın işğal altında saxlanılan rayonlar tamamilə dağıdılıb, yaşayış üçün yararsız hala salınıb. Ermənilər indi də vandalizm əməllərindən əl çəkmirlər. Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin bu il noyabrın 10-da imzaladıqları Bəyanata uyğun olaraq, Kəlbəcər rayonunu tərk edən ermənilər evləri, məktəbləri, meşələri yandırır, ağacları kəsib aparırlar. Halbuki, azərbaycanlılar doğma yurdlarını tərk edən zaman özləri ilə heç nə apara bilməmişdi.

Qeyd olunub ki, Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərinə dəyən zərərin qiymətləndirilməsinə ekspertlər cəlb edəcək. Dövlət məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün bütün zəruri tədbirləri görəcək/Trend.