Almaniyanın NDR telekanalının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı ələ salan və sərt tənqid edən süjeti diplomatik qalmaqal yaradıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu dəfə etiraz Almaniyadan gəlib. Türkiyə Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı Almaniyanın Ankaradakı səfirini çağırıb izahat tələb etməsi almanların ciddi narazılığına səbəb olub.
Səfir Martin Erdman Türkiyə XİN-i söz və mətbuat azadlığına hörmət etməyə çağırıb.
Səfirin adından yayılan bəyanatda bildirilir ki, qanunun aliliyi, ədliyyə sisteminin müstəqilliyi, söz və mətbuat azadlığı daxil olmaqla əsas azadlıqların təmini yüksək dəyərlərdir. Və bu dəyərləri qorumaq lazımdır.
Səfirin Türkiyə XİN-ə çağırılması alman siyasilər tərəfindən də sərt tənqid olunub.
Bundestaqın daxili siyasət komiətsinin rəhbəri Norbert Rötgen Türkiyə Xarici İşlər Nazirliyinin addımını yersiz oyun adlandırıb.
Bundestaqnda Almaniya-Türkiyə qrupunun rəhbəri Mişel Myunteferinq isə bildirib ki, alman diplomatlara təzyiq Türkiyə hökumətinin fəaliyyətinə əlavə mənfi çalar verəcək.
Alman deputat Renate Küunast diplomatlara edilən təzyiqə görə Almaniya hökumətindən Ankaraya qarşı konkret addımlar tələb edib.
Xatırladaq ki, NDR kanalında efirə gedən satirik "Extra 3" verilişində Ərdoğanla bağlı iki dəqiqəlik süjet yayımlanıb. Süjetdə Türkiyə prezidentinin müxaliföynlü jurnalistlərə qarşı dözümsüz münasibəti mahnının müşayiəti ilə tənqid olunur.