XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 November 2020 - 11:55

İran səfiri:"Azərbaycanla əlaqə daha səmimi və hamar olacaq"

“İranla Azərbaycan Respublikası arasındakı münasibətlər yeni bir mərhələyə qədəm qoyur və üçüncü şəxslərin münasibətlərə təsir etməsinə imkan verməməyimiz şərti ilə, o, əvvəlkilərdən daha səmimi və hamar olacaq”.

Strateq.az Təbriz Radiosuna istinadla xəbər verir ki, bunu İslam Respublikasının Bakıdakı səfiri Seyyid Abbas Musəvi bildirib.

Radionun “Açıq söz” proqramına müsahibəsində diplomat qeyd edib ki, İran güclü və etibarlı bir bölgə istəyir: “Buna görə də, İran qonşularının və bölgədəki ölkələrin sülh, sabitlik, firavanlıq və əmin-amanlıq içində olmasını diləyir”.

Musəvi əlavə edib: “İslam Respublikası daima bölgəni böhrandan uzaq tutmaq siyasəti yürütməyə çalışır. Son qarşıdurmada da İran öz təşəbbüsü ilə sabitliyə çağırış edib. O, uzun illərdən sonra bir daha Aərbaycan Respublikasının ərazi bütövlüyünün qonşu ölkələrdən biri tərəfindən işğal olunduğunu vurğulayıb. Tehranın rəsmi mövqeyini Ali Rəhbər Ayətullah Xamnəi açıq şəkildə bildirib: “Bütün işğal olunmuş ərazilər Azərbaycan Respublikasına qaytarılmalıdır”.

Səfir bildirib: “Əlbəttə, bu dəyişikliyin dialoq və dinc üsulla olmasını istəyirdik. Ancaq regional qarşılıqlı təsirlər müharibəyə və qan tökülməsinə gətirib çıxardı”.

İranın Bakıdakı elçisi qeyd edib ki, Azərbaycan və Ermənistan Rusiyanın köməyi və İran İslam Respublikasının əvvəllər təqdim etdiyi plan əsasən, indi həyata keçirilən müsbət bir razılaşma əldə edib və İran mövcud atəşkəsi alqışlayır”.

Tehran və Bakı arasında ikitərəfli münasibətlərin bundan sonra yeni bir mərhələyə girəcəyini, əvvəlkindən daha səmimi və hamar olacağını deyən Abbas Musəvi əlavə edib ki, üçüncü tərəflərin münasibətlərə təsir etməsinə imkan verilməməlidir. “Xoşbəxtlikdən iki ölkə arasındakı münasibətlərdə bu sayıqlıq və zəka var”.

Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda sərhəd bölgələrinə və İran sərhədləri boyunca azad edilmiş ərazilərə etdiyi səfərə toxunan səfir bildirib: “Dostluq mesajı bizim üçün dəyərli idi. Eyni dostluq mesajı İslam Respublikası tərəfindən istər əməli, istərsə də şifahi şəkildə dəfələrlə verilib. Biz həmişə Azərbaycandakı dostlarımıza İranın bölgəyə, bütün dost və qardaş ölkələrə xoş məramda olduğunu bildirmişik”.

“İnandığımız prinsiplərə əsaslanaraq mövqeyimizi açıq şəkildə bildirdik. Xarici siyasətimizin İslam təlimlərinə, beynəlxalq hüquqa əsaslanır, istənilən işğala və separatizmə qarşı çıxırıq. Bölgənin indi nisbətən sakit olması və sabitliyə doğru addımlamasından məmnunuq. Ümid edirik ki, prosesin qalan hissəsi bölgədəki qonşu ölkələrin mülahizələri nəzərə alınaraq rəvan şəkildə tam sabitliyə doğru irəliləyəcək. Bu yolla İran bölgədəki dost ölkələrin, xüsusən, dost Azərbaycan hökuməti və xalqı yanında olacaq və Allahın köməyi ilə Azərbaycan Respublikası ilə əlaqələri genişləndirməyə və dərinləşdirməyə çalışacaq”, – deyə səfir bir daha ölkəsinin mövqeyini açıqlayıb.