XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Dekabr 2020 - 23:17

Ardıc kənd sakinləri Prezidentə müraciət etdilər –Qarabağa köçmək, eyni adlı kənd salmaq istəyirlər

Məlum olduğu kimi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz Dağlıq Qarabağı düşmən tapdağından azad edib. Bununla da məcburi köçkünlərin otuz illik torpaq həsrətinə son qoyulub və onların öz dədə-baba yurdlarına qayıtmaq imkanları yaranıb.

Eyni zamanda, ərazilərimizin  işğaldan azad olunması, az qala, hər bir azərbaycanlıda o gözəl torpaqlarda yaşamaq arzuları meydana gətirib.

Bundan irəli gələrək, 1988-ci ilin dekabr ayında zorla öz doğma torpaqlarından qovularaq, deportasiya edilərək Azərbaycanda məskunlaşmış Ermənistan SSRİ-nin Quqark (keçmiş adı Qarakilsə) rayonunun Arçut (Ardıc) kəndinin sakinləri də Dağlıq Qarabağa köç etmək və orada Ardıc adında yeni bir kənd salmaq qərarına gəliblər.

Bu məqsədlə Ardıc kənd sakinləri Prezident İlham Əliyevə müraciət layihəsi hazırlayıblar və müraciətə qoşulmaq üçün 01 dekabr 2020-ci ildən etibarən imzatoplama kampaniyasına start veriblər.

Eyni zamanda kənd sakinləri yeni gerçəkliklərdən irəli gələrək, dövlətçilik məfkurəsinin möhkəmlənməsi, vətənpərvərlik hissinin gücləndirilməsi naminə, ölkəmizin və xalqımızın ictimai-siyasi, mədəni, elmi, humanitar həyatında yaxından iştirak etmək, milli adət-ənənələri qoruyub saxlamaq, həmçinin  ictimai-sosial düşüncələrin formalaşmasında yaxından iştirak etmək məqsədilə “ARDIC” adında yeni bir hərəkatın başlanğıcını  qoyub və bu barədə Bəyanat yayıblar.

Ölkə başçısına müraciət layihəsinin hazırlanması, imzatoplama kampaniyası və Hərəkatın yaradılması barədə məlumatı Strateq.az-a Hərəkatın nümayəndəsi, Ardıc kəndində doğulmuş, yaşamış, sonra da qaçqına çevrilmiş, siyasətşünas-alim, yazıçı, publisist Elşən Misir oğlu Nəsibov məlumat verib.

E. Nəsibovun redaksiyamıza təqdim etdiyi Müraciətdə deylir:

“Çox hörmətli Prezidentimiz, Ali Baş Komandanımız, möhtərəm İlham Əliyev!

Biz – Ardıc (Arçut) kəndinin sakinləri olaraq, əvvəlcə Sizi, həmçinin  Ali Baş Komandanımız kimi, Siz başda olmaqla bütün müzəffər, rəşadətli və  qalib ordumuzu, eləcə də bütün xalqımızı cəbhədə göstərilən şücaətli zəfər  münasibətilə, eyni zamanda Dağlıq Qarabağın işğaldan azad olunması kimi şərəfli, əlamətdar hadisə ilə əlaqədar səmimi qəlbdən təbrik edirik, göz aydınlığı veririk!

Son 44 günlük “Vətən müharibəsi”nin qaliblərinin səbəbkarları kimi Sizə və şanlı ordumuza, eyni zamanda ətrafınızda yumruq kimi birləşən bütün  xalqımıza öz minnətdarlığımızı bildiririk!

Kəndimizin sevinci xalqımızın sevincinə qarışıb, torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası və Azərbaycan tarixində nadir qələbələrdən olan şanlı zəfərimiz elimizdə-obamızda yeni ruh yaradıb. Bu qüdrətli, əzəmətli qələbə kəndimizin də ictimai həyatında yeni şəraiti və gerçəklikləri meydana gətirib, xalqımızın bütövlüyü çərçivəsində kəndimizin də yenidən həmrəyləşməsi, sosiallaşması və bütövləşməsi üçün tarixi məqam yetişib.

Dəyərli Milli Qəhrəmanımız (Bu şərəfli adı uca zirvələri fəth etdiyinizə görə məhz xalqımız Sizə verib), Ali Baş Komandanımız, məlumat üçün bildirmək istəyirik ki, biz, – vaxtilə Ermənsitan SSRİ-nin Quqark (Qarakilsə)  rayonunun, Arçut (Ardıc)  kəndindən 1988-ci ilin dekabr ayında, məlum Spitak zəlzələsindən sonra, tarixi doğma yurdumuzdan zorla qovulmuş və nəticədə qaçqın düşmüş və Azərbaycana pənah gətirmiş sakinlər, – Sizə müraciət etməklə uzun müddətdir ki, qəlbimizdə gəzdirdiyimiz, birləşməyimiz və yenidən sosilalaşmağımız  yolunda  arzuladığımız xoş niyyətimizi reallaşdırmaq və məhz  Sizin köməkliyiniz sayəsində həyata keçirmək istəyimizi ifadə edirik.

Zati-Aliləri, bütün xalqımız kimi, biz Ardıclılara da məlumdur ki, Milli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi  ancaq və ancaq xalqımızın sosial-rifahının yaxşılaşmasına, insanlarımızın firavan həyatına  və dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edib. Ürəyi  daima xalqla döyünən, zəkası və siması xalqın rifahı ilə aydınlaşan və nurlanan Heydər Əliyev – Xalq; Xalq – Heydər Əliyev birliyi əbədi olub və qəlbimizdə dərin izlərlə əbədi olaraq da qalacaqdır.

Hamımız bilirik ki,  Milli Liderimiz daima xalqımızın rifahını, xoşbəxtliyini öz həyatının başlıca amalına, qayəsinə və kredosuna çevirib. Düşüncələrini yalnız xalqımızın əmin-amanlığına, sabitliyinə, dirçəlməsinə, birliyinə  və dövlətimizin möhkəmlənməsinə yönəldib. Həyatını xalqın yolunda qurban verməyə hər an hazır olub və bu yolda bütün çətinliklərə sinə gərib. Hamımıza məlumdur ki, Milli Liderimiz Sovet hökumətinin rəhbərliyindən haqsız yerə uzaqlaşdırıldıqdan sonra xalqımızın başına bəlalar gəlməyə başladı. Etnik ayrıseçkiliyin qurbanına çevrildik. Dağılmaqda olan Sovet rəhbərliyinin himayəsi ilə erməni caniləri öz hiyləgər və məkirli siyasətinə əl atdı, azərbaycanlılara qarşı düşmənçiliyə başladı. Həmin düşmənçiliyin acı nəticəsi və faciəsi olaraq ilkin mərhələdə biz azərbaycanlılar öz doğma yurdlarımızdan didərgin düşdük, qaçqına çevrildik. Faciədən, qırğınlardan yaxamızı qurtarmaq məqsədilə çoxəsrlik yurdlarımızı qoyub Azərbaycana pənah gətirdik. Silah gücünə dədə-baba torpaqlarımızdan qovulduq.

Açıq şəkildə etiraf etməliyik ki, o zamankı Azərbaycan SSRİ-nin  rəhbərliyi bizə bir o qədər də qayğı göstərə bilmədi. Qaçqın köçünü məqsədyönlü şəkildə yönləndirmədi. Onları öz yaşadıqları təbiətə uyğun regionlarda kompakt şəkildə yerləşdirə bilmədi. Ermənistandan qovulmuş azərbaycanlılar kütləvi şəkildə Dağlıq Qarabağa köçmək istədiklərini bildirsələr də, ölkə rəhbərliyi bu məsələyə ögey yanaşdı və laqeyd qaldı. Bizim bu xoş niyyətimizi separatçı akt kimi qiymətləndirdilər. Nəticə etibarilə Azərbaycan SSRİ rəhbərliyindən maddi kömək görməyən qaçqınlar olaraq biz öz vəsaitimiz hesabına birtəhər yerləşə bildik, evlər aldıq. Zəhmətimiz hesabına özümüzə ev-eşik qura bildik. Dağlıq Qarabağ müharibəsinə, torpaqlarımızın müdafiə olunması proseslərinə bütün xalqımız kimi biz Ardıc kəndi də könüllü olaraq qoşulduq. Qan tökdük, şəhidlər verdik, yaralılarımız, müharibə veteranlarımız  oldu. Cəbhədə şücaətli qəhrəmanlar yetişdirdik.  Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycanın ilk milli qəhrəmanlarından biri olan, şəhidimiz Fərhad Qənbər oğlu Hümbətov kəndimizin adını şərəfli və şanlı lövhələrə həkk etdi. Biz hər zaman o qəhrəman övladla fəxr edir, onunla qürrələnirik. Onun xatirəsini daima əziz tuturuq. Dövlətimiz də onun adını daiam uca zirvələrdə qərarlaşdırıb. Fəxr edirik ki, xalqımızın bütün şəhidləri və qəhrəmanları kimi Ardıc adını tarixin şərəf lövhəsinə həkk edən Fərhad Hümbətov kimi əbədiyaşar övladımız var.

Xalqımızın tələbi ilə Milli Liderimiz Heydər Əliyevin 1993-cü ildə təkrar olaraq ölkəmizə rəhbərliyə gəlməsi hamı kimi, bizim də sevincimizə səbəb oldu. Gələcəyə inamımız, güvənimiz artdı. Bəlalardan qurtarmağımıza əmin olduq. Elə ilk günlərdən onun həyata keçirdiyi bütün siyasəti dəstəkləməyə başladıq, icraçısı olduq. Milli Liderimizin  rəhbərliyi sayəsində məcburi köçkünlərlə yanaşı, biz qaçqınlara da  sosial güzəştlər, o cümlədən təhsil güzəştləri (dövlət ali müəsissələrində ödənişli təhsil haqqından azad)  və digər imtiyazlar  tətbiq olundu. Yaşadığımız əmlaka olan hüquqlarımız tanındı. Məhz onun hakimiyyəti dövründə  bizə qarşı əvvəlki hakimiyyətin ögey münasibətinə son qoyularaq, isti ab-hava yarandı. Bununla da həyata olan ümidlərimiz çoxaldı. Dövlətimizə inamımız gücləndi.

Möhtərəm Prezidentimiz İlham Əliyev, Siz 2003-cü ildən bu yana dövlətimizə uğurla rəhbərlik edirsiniz! Rəhbərliyiniz dövründə uğurlu və daxili siyasətiniz xalqımız tərəfindən dəstəklənir. Biz Qərbi Azərbaycanlıların tərkibi olan Ardıclılar da hər zaman Sizin  siyasətinizin  dəstəkləyicisiyik. Ətrafınızda sıx birləşmişik. Sizi özümüzə arxa-dayaq sanırıq. Ölkəmizin birinci xanımı, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanı  “Xalqımızın xeyirxah anası”, “Xalqımızın qayğıkeş bacısı” kimi qəbul edirik.  Onun xalqımız və Milli Liderimiz adına gördüyü işləri, Sizin davamçınız, sirdaşınız, yoldaşınız və tərəfdaşınız kimi həyata keçirdiyi layihələri ürəkdən bəyənirik, təqdirəlayiq hadisə hesab edirik.

Çox əziz, İlham Heydər oğlu, məhz Sizin uğurlu siyasətiniz sayəsində dövlətimiz sentyabrın 27-dən başlanan  “Vətən Müharibəsi”ndə qalib gəldi. Dünyaya elə bir nümunə göstərdiniz ki, bu zəfər dünyanın yaddaşından heç zaman silinməz izlər buraxıb!  Siz uzun müddət səbr nümayiş etdirərərk, uğurlu diplomatiya ilə hərbi siyasətin vəhdətini yaratdınız və nəticə etibarilə ölkəmiz yağı düşmən üzərində qalib gəldi. Vətən müharibəsi müraciətinizə bütün xalqımızla yanaşı, biz ardıclılar da dərhal qoşulduq. Cəbhəyə igidlər yola saldıq. Siyasətinizə dəstək olduq. Bu qalibiyyət tarixi ədaləti özünə qaytardı və məcburi köçkünlərimiz üçün öz doğma yurdlarına qayıtmaq şansı verdi. Torpaqlarımız öz doğma sakinlərinə qayıtdı. Məlumdur ki, artıq rəhbərliyiniz sayəsində məcburi köçkün soydaşlarımızın doğma yerlərinə qayıtmaq proqramları hazırlanır. İşğaldan azad olunmuş rayonların sənaye və kənd təsərrüfatı mərkəzlərinə çevrilməsi dövlət siyasətinin prioritetini təşkil etməkdədir. Biz Ardıc sakinləri inanırıq ki, bu işin də öhdəsindən layiqincə gələcəksiniz. “Böyük Qayıdış layihəsi”ni uğurla həyata keçirərək,  Müqəddəs Qarabağ torpağımızı cənnətə çevirəçəksiniz!

Cənab Prezidentimiz, kəndimiz indiki Ermənistanın Loru Pəmbək mahalında Kiçik Qafqaz dağlarında yerləşir. 1988-ci ildə kəndimizdə 655 yaşayış evi olmuş, əhalisi də 6545 nəfərdən ibarət idi. 1988-1999-cu  ildə əhalinin çoxusu Bakı şəhərində məskunlaşıb. Bir qismi də digər yerlərdə pərən-pərən düşüb. Kəndimiz  xalqımızın ictimai-siyasi həyatında mühüm rol oynayan çoxlu sayda ziyalı yetişdirib. Bakı şəhərinin böyüklüyü kəndimizin çoxəsrlik adət-ənənəsinin birgə şəkildə yerinə yetirilməsində olduqca çoxlu sayda çətinliklər yaradıb. Həmçinin əslər boyu qanımıza hopmuş kənd təsərrüfatı vərdişlərindən uzaqlaşdırıb. Kənd adət-ənənəsini saxlamaqda çox çətinlik çəkirik. Hesab edirik ki, təkrarən bir kənddə yaşasaq, xalqımıza daha çox dəyərlər bəxş edə bilərik.

Möhtərəm Prezidentimiz, Azərbaycanın Qarabağ bölgəsində meydana gəlmiş yeni iqtisadi, sosial, xüsusilə, kənd təsərrüfatı reallıqlarında biz Ardıclılar da iştirak etmək marağındayıq. Belə ki, hesab edirik ki, regionun iqlimi və təbii landşaftı məhz bizim kəndimizə uyğundur. Nəslimizin sağlam həyatını təmin edə biləcəkdir.  Eləcə də kənd təsərrüfatı potensialı imkan verəcək ki, biz kəndlilər təsərrüfatla məşğul olaq və quruculuqda iştirak edək. Dövlətimizin gəlirlərinin artmasında öz töhfəmizi verək.

Onu da dərk edirik ki, imzalanmış 09 noyabr 2020-ci il tarixli Bəyanata uyğun olaraq ilk növbədə daxili köçkünlər yerləşdirilməli və onlar  öz doğma yerlərinə qayıtmalıdır. Hesab edirik ki, bundan sonra Ermənistandan gələn azərbaycanlı qaçqınlara da dövlətimiz və hökumətimiz  tərəfindən o münbit torpaqlarda məskunlaşmaq üçün şərait yaradılacaqdır.

Hörmətli Prezidentimiz, deyilənləri nəzərə alaraq, həmçinin yaranmış yeni gerçəkliklərə görə, eyni zamanda   tarixi ədalətin bərpası naminə, xalqımızın birliyi tərkibində kəndimizin birliyini istəyərək,  çoxəsrlik adət-ənənəmizin bütövlüyü naminə biz,  Ardıc sakinləri,  Sizdən xahiş edirik ki, işğaldan azad olunmuş Dağlıq Qarabağ regionunda boş qalmış yerlərdə  yeni kənd (Ardıc adında)  salmaq üçün bizə torpaq  sahəsi ayırasınız. Ya da gələcəkdə  boş qalmış  kəndlərdən birinə köçürülməyimizi təmin edəsiniz!

Əvvəlcədən Sizə və xalqımıza öz təşəkkürümüzü bildiririk və sağlam, çiçəklənən Azərbaycan yolunda bol-bol uğurlar, yeni-yeni nailiyyətlər, zəfərlər arzulayırıq! Ümid edirik ki, tərəfinizdən müraciətimizə müsbət yanaşılacaqdır! Köməkliyiniz sayəsində yaxın gələcəkdə Dağlıq Qarabağda “Ardıc” adında yeni bir kəndə nəfəs veriləcəkdir!