XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Dekabr 2020 - 23:54

Paşinyanı nə gözləyir?- Şahin Cəfərlidən TƏHLİL
Şahin Cəfərli,
politoloq
Ermənistan müxalifəti Paşinyana ultimatum verib.Ona 8 dekabr, saat 12-yə qədər istefa vermək təklif olunub. Müxalifətin keçid dövrü üçün baş nazir vəzifəsinə namizədi Vazgen Manukyan deyib ki, əks halda, qəzəblənmiş kütlə Paşinyanı parça-parça edəcək.
Keçmiş baş nazir və müdafiə naziri, 74 yaşlı Manukyan erməni separatizmi və işğalçılığının başında durmuş, yəni həm öz xalqının, həm də bizim başımıza bu bəlaları açmış adamlardan biridir. Ahıl yaşına rəğmən, bir siyasətçini linç olunmaqla təhdid etməsi onun hansı səviyyəyə malik olmasından xəbər verir. Manukyanın və o zehniyyətdə olan qüvvələrin hakimiyyətə qayıdışı ilk növbədə Ermənistanın və erməni xalqının gələcəyinin bir daha qaranlığa qərq olması deməkdir, bölgədə isə düşmənçiliyin davam etməsi anlamına gələcək.
Hazırda yaranmış vəziyyət erməni xalqı üçün bir yolayrıcıdır: onlar papaqlarını qarşılarına qoyaraq mövcud durumu soyuqqanlı şəkildə təhlil və həzm etməyə özlərində güc tapmalıdır.İstənilən başı işləyən erməni xəritəyə bir daha nəzər salsa, ölkəsinin inkişafının, hətta etibarlı, uzunmüddətli təhlükəsizliyinin yalnız Azərbaycan və Türkiyə ilə dostluq, əməkdaşlıq şəraitində mümkün ola biləcəyini; tarixə nəzər salsa isə düşmənçilik və savaşlardan da özlərinin daha çox zərər çəkdiyini anlayar. Yenə eyni əməllərə davam edib, fərqli nəticələrə ümid etmək axmaqlıq və boş xəyalpərəstlikdən başqa bir şey deyil.Paşinyanın aqibətinə gəldikdə isə, Putin son çıxışlarında onu tərifləsə də, Moskvanın Ermənistanda siyasi dəyişiklikdə maraqlı olmadığını söyləməyə məncə, əsas yoxdur.
Çünki əvvəla, Paşinyan bu gün hətta Rusiyaya sədaqət andı içsə də, Moskva üçün ögey övladdır, ona heç vaxt güvənməyəcəklər.
İkincisi, inqilabi yolla hakimiyyət dəyişikliyinin, Qərbə yönəlmək arzusu və cəhdinin hansı nəticələrə gətirib çıxarmasının Rusiya xalqı başda olmaqla, bütün postsovet xalqlarına bir daha əyan olması baxımından Paşinyan idarəçiliyinin tənəzzülü öz məntiqi sonluğuna çatmalıdır.
Üçüncüsü isə, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni mərhələsində İrəvanda barışmaz və radikal mövqeli hökumətin iş başında olması Moskvanın maraqlarına daha uyğundur, nəinki Azərbaycan və Türkiyə ilə əməkdaşlığa meylli, güvənilməz qərbyönümlü siyasətçilərin. Moskva bu problemin qəti çözümünü istəmir və bölgədə kommunikasiyaların da yalnız onun nəzarəti altında açılıb, fəaliyyət göstərməsində maraqlıdır. Ermənistan danışıqlarda yenə Dağlıq Qarabağın müstəqilliyində israr edəcək, Azərbaycan təbii ki, bunu rədd edəcək, beləliklə, proses yenə uzanacaq. Daimi və dayanıqlı sülhün olmaması isə Rusiya sülhməramlılarının Dağlıq Qarabağda qeyri-müəyyən müddətə qalmasını şərtləndirəcək, hətta Qərb də buna dəstək verməyə məcbur olacaq…
Paşinyan vəziyyətdən necə çıxa bilər? Aydındır ki, bu şəkildə – heç nə olmamış kimi davam etmək çox çətindir. Daxili siyasətdə hansısa yeni, qeyri-standart gedişlərə ehtiyac var. Müharibənin nəticələrinin Paşinyanın reytinqinə necə təsir göstərdiyini dəqiq bilmirik, şübhəsiz ki, onun nüfuzu aşağı düşüb. Amma müxalifətdə də yüksək reytinqə və populyarlığa malik siyasi lider, partiya yoxdur. Bu gün Paşinyan üçün ən yaxşı çıxış yolu 2-3 ay sonraya erkən seçki təyin edərək seçki prosesini öz rəhbərliyi altında gerçəkləşdirməkdir. (Müxalifət seçkilərin Manukyanın baş nazirliyi dövründə keçirilməsini istəyir.) Əgər yeni seçkidə erməni xalqı revanşist radikallara səs verərsə, yaxın və uzaq tarixdən düzgün nəticə çıxarmadığını göstərmiş olacaq. 1998-ci ildə Azərbaycanla anlaşmağın və güzəştlərin vacibliyindən danışan Ter-Petrosyan “müharibə partiyası” tərəfindən istefaya məcbur edildi, xalq da ona sahib çıxmadı. Nəticə ortadadır…