XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Dekabr 2020 - 14:21

“Ayətullah Xamnəi ağır xəstədir” –ABŞ jurnalının iddiasına təpki

“Newsweek” jurnalının Ayətullah Xamnəinin səhhəti ilə bağlı xəbərinə İran Ali liderinin ofisindən münasibət bildirilib.

Strateq.az “Təsnim”ə istinadla xəbər verir ki, bir neçə gün əvvəl ABŞ-ın həftəlik nəşri “Tvitter”dəki bir şəxsi hesaba əsasən yazı dərc edib. Məqalədə Ayətullah Xamnənin ağır xəstə olması, prezident Həsən Ruhani ilə gizlicə görüşməsi və hakimiyyətini oğlu Müctəba Xamnəiyə təhvil verməsi iddia olunub.

Bundan sonra İsrailin “Jerusalem Post” qəzeti post-Xamnəi dövrünün əsas namizədləri barədə təhlil məqaləsi dərc edib.

“Twitter” hesabına istinadla dərc etdiyi məqalənin sonunda “Newsweek”  iddiasını müstəqil şəkildə təsdiq edə bilməyəcəyini yazıb. Çünki onun istinad mənbəyi olan şəxs hazırda Londonda yaşayan və İranda separatizmin tərəfdarı kimi tanınan ərəbdilli jurnalist Məhəmməd Əhvazədir.

Dekabrın 6-da Ayətullah Xamnəinin hüccətül-İslam Şükrini Şəhidlər və Qazilər Vəqfində Ali Liderin nümayəndəsi təyin etməsi barədə fərmanı açıqlanıb. Bununla belə, İran liderinin sağlamlıq durumu barədə şayiələrə son qoyulmayıb.

Bu gün Ayətullah Xamnəinin ofisində Nəşriyyat İşləri İdarəsinin müdir müavini Mehdi Fazaeli mövzu ilə bağlı tvit atıb. O tvitində yazıb: “Ayətullah Xamnəinin səhhəti ilə bağlı şayiələr yaymaq Qərb mediasında uzun müddətdir davam edən və təbii ki, saxtakar bir layihədir. Əvvəllər layihəni Qərbdə hamıdan çox bu sayaq məlumatlar dərc edən Maykl Laden adlı bir şəxs idarə edirdi. Saxtalığının ortaya çıxması ilə bu saxtakarlıqlar üçün indi başqa mənbənin seçildiyi görünür”.

Mehdi Fəzaelinin sözlərinə görə, Ayətullah Xamnəi sağ-salamatdır və gündəlik işlərini proqramına uyğun şəkildə davam etdirir.