XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

14 Dekabr 2020 - 17:23

Hərbi qulluqçularımıza birdəfəlik sığorta ödənişləri təmin edilir –AMB

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda silahlı qüvvələrimizin qəhrəmancasına döyüşdüyü və tarixi zəfər qazandığı 44 günlük Vətən müharibəsində, həmçinin I Qarabağ müharibəsi dövründə şəhid olmuş və müxtəlif dərəcəli xəsarətlər almış hərbi qulluqçularımıza birdəfəlik sığorta ödənişlərinin operativ qaydada təmin edilməsi və bu istiqamətdə işlərin effektiv və səmərəli təşkili məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankında rəhbər işçilərdən ibarət İşçi Qrup yaradılmışdır.

İşçi Qrupu tərəfindən əlaqədar dövlət qurumları ilə, o cümlədən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə hərbi qulluqçulara və ya onların vərəsələrinə sığorta ödənişlərinin operativ həyata keçirilməsi, bu məqsədlə lazımı təsdiqedici sənədlərin qısa zamanda hazırlanması üçün mütəşşəkkil qaydada iş aparılır.

Yaradılmış İşçı Qrupu dərhal şəhidlər, müharibə əlilləri, veteranları və iştirakçılarının sosial məsələləri üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən İşçi Qrupu ilə videokonfrans şəklində görüş keçirmiş, bu kateqoriyadan olan hərbi qulluqçuların sosial məsələlərinin həlli üzrə qarşılıqlı müzakirələr aparılmış və birgə fəaliyyət proqramı müəyyən edilmişdir. Eyni zamanda həmin İşçı Qrupuna Mərkəzi Bankdan və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (Azərsığorta) nümayəndələr daxil edilmişdir.

Qeyd edək ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikası Qanunu”na görə ölüm (şəhidlik), əlillik və xəsarət halları zamanı onlara sığorta ödənişləri Azərsığorta tərəfindən verilir.

Müvafiq sığorta ödənişlərinin əldə edilməsi üçün edilən müraciətlərə Azərsığortanın əsas ofisi və ya rayon filiallarında dərhal baxılması və ödənişlərin qısa zamanda həyata keçirilməsi məsələləri İşçi Qrupu tərəfindən idarəetməyə və nəzarətə götürülmüşdür. Şirkətin əməkdaşları tərəfindən şəhid ailələri ziyarət olunur, onlara ödənişin verilməsi prosesinin asanlaşdırılması üçün bütün lazımi köməklik və zəruri hüquqi dəstək təmin olunur.

Hərbi qulluqçularımızın və ya onların ailə üzvlərinin sığorta ödənişinin əldə edilməsi ilə bağlı hər hansı problemləri olarsa Mərkəzi Bankın 966 qaynar xəttinə zəng vurmaqla müraciət etmələri xahiş olunur.