XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Dekabr 2020 - 16:43

Prezident İlham Əliyev:"Azərbaycan ilə Ermənistan arasında müharibə dünya KİV-lərində heç də həmişə obyektiv işıqlandırılmayıb"

Azərbaycan ilə Ermənistan arasında müharibə dünya kütləvi informasiya vasitələrində kifayət qədər geniş işıqlandırılıb, lakin təəssüf ki, heç də həmişə obyektiv işıqlandırılmayıb.

Münaqişənin təbiəti, onun yaranma tarixi və problemin mahiyyəti məsələsinə gəldikdə təəssüf ki, biz çox vaxt təhrif edilmiş, mötəbər olmayan və ya qərəzli informasiya ilə üzləşirdik. Buna baxmayaraq, biz Azərbaycana münasibətdə illər boyu yaranmış müəyyən neqativ fonu aramsız səylərimiz sayəsində aradan qaldırmağa və həqiqəti dünya birliyinə çatdırmağa nail olduq.

Bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.

Baş verən hadisələr haqqında həmkarlarını məlumatlandıran Azərbaycan Prezidenti deyib: “Müharibənin nəticələri məlumdur. Azərbaycan uzun illər ərzində ölkəmizin xeyli ərazisini, beynəlxalq miqyasda tanınmış ərazilərini işğal altında saxlayan işğalçı ölkə üzərində qələbə qazandı. Bizim məlumatımıza görə, müharibə nəticəsində Ermənistan silahlı qüvvələrinin potensialının 80 faizindən çoxu məhv edilib. Azərbaycan üçün bu, Vətən müharibəsi, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq, istilaçılıq müharibəsi idi”.

Prezident xatırladıb ki, 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin təqribən 20 faizini, o cümlədən Dağlıq Qarabağ və Azərbaycanın digər yeddi rayonunu işğal etdi, həm Dağlıq Qarabağda, həm də Dağlıq Qarabağ hüdudlarından kənarda, həmçinin Ermənistanda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparıldı. Nəticədə Azərbaycanın o vaxtkı 8 milyon əhalisindən 1 milyonu köçkün vəziyyətinə düşmüşdü. Azərbaycanın işğal edilmiş əraziləri tamamilə dağıdılmış, orada azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparılmışdı. (apa)