Baş nazir Nikol Paşinyan matəm elan edərək, bu gündən siyasi maraqları üçün yararlandı.
Bunu “Daşnaksütyun”un rəsmisi İşxan Saqatelyan deyib.
“Faktiki olaraq, o, “Yerablur”u (matəm yürüşünün keçirildiyi hərbi pantenonu-red) təhqir etdi. O, öz hakimiyyətinə, kreslosunun saxlanılmasına görə yenidən ölkəni sarsıntılara aparır. Artıq hamıya aydındır ki, bu insan üçün kreslo ölkəmizdən, bizim Vətənimizdən, daxili sabitlik və yekdillikdən əzizdir”, – İşxan Saqatelyan deyib.
O, qeyd edib ki, baş nazir vətənin qurtuluşuna görə vəzifədən kənarlaşdırılmalıdır.
“Ölkəmizin iflasını dayandırmaq, dövlət strukturlarının çürüməsinin qarşısını almaq, dövlətin təhlükəsizliyini qorumaq, artan ictimai-iqtisadi kollapsın (fəaliyyətin dayanması-red) və humanitar faciənin qarşısını almaq lazımdır”, – İşxan Saqatelyan əlavə edib. /Report