XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

22 Dekabr 2020 - 10:55

STM:"Əhalinin 66.2 faizi Qarabağda azərbaycanlılarla ermənilərin birgəyaşayışını mümkün saymır"

Sosial Tədqiqatlar Mərkəzi (STM) azərbaycanlılarla ermənilərin birgəyaşayışına və müharibənin yenidən başlamasına münasibəti öyrənmək üçün əhali arasında sorğu keçirib.

Strateq.az STM-ə istinadla xəbər verir ki, sorğuda təsadüfi üsulla seçilmiş 603 respondent iştirak edib.

Sorğunun aparılmasında telefon müsahibəsi üsulundan istifadə olunub.

Tədqiqat Bakı, Abşeron və 7 iqtisadi rayon üzrə (Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan, Yuxarı Qarabağ) şəhər, rayon və kənd əhalisi arasında aparılıb.

Seçmənin sayı əsasında statistik xəta əmsalı 2,8%, əminlik dərəcəsi 95%-dir.

Tədqiqat 2020-ci ilin 1-4 dekabr tarixlərində keçirilib. Telefon zəngləri saat 10:00-21:00 arasında keçirilib.

Sorğunun orta keçirilmə müddəti 12 dəqiqə 15 saniyədir.

Sorğuda iştirak edən respondentlər əhalinin bütün sosial-demoqrafik qruplarını təmsil edib.

Əhalinin mühüm bir hissəsi (66.2%) Qarabağın inzibati ərazilərində azərbaycanlılarla ermənilərin birgəyaşayışının heç zaman mümkün olmayacağını, 19.4% isə bir neçə ildən sonra mümkün ola biləcəyini düşünür. Cəmi 4.8% respondent hesab edir ki, bu, yaxın gələcəkdə mümkündür.

Qadınlar (74.4%) kişilərlə (58.0%) müqayisədə azərbaycanlılarla ermənilərin birgəyaşayışının heç zaman mümkün olmayacağını qeyd edib. Bunun əksinə kişilər (25.5%) qadınlardan fərqli olaraq (13.3%) birgəyaşayışın bir neçə ildən sonra mümkün ola biləcəyini düşünür.

Ermənilərlə birgəyaşayışın mümkün olmayacağını bildirən gənclər digər yaş qrupundan olan respondentlərlə müqayisədə üstünlük təşkil edir.

Şəki-Zaqatala və Yuxarı Qarabağ əhalisinin 80.0%-dən çoxu birgəyaşayışın əleyhinə mövqe sərgiləyib. Abşeronda yaşayanların da əhəmiyyətli hissəsi eyni rəyi bölüşür (73.7%).

Birgəyaşayışın qeyri-mümkünlüyünü ümumi orta təhsillilərin 75.0%-i, peşə-ixtisas/kollec məzunlarının 71.7%-i, tam orta təhsillilərin 69.0%-i, ali təhsillilərin isə 57.7%-i bölüşür.

Nəzərə çatdıraq ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 09-13 oktyabr 2020-ci il tarixlərində məcburi köçkünlər arasında keçirilən “Qarabağa Böyük Qayıdış” sorğusunda məcburi köçkün respondentlərin 72.0%-i digər etnik azlıqlar kimi Qarabağda erməni əhalisi ilə birgəyaşayışın qeyri-mümkün olduğunu düşünsə də, cəmi 14.0% bu halın yalnız uzun müddətdən sonra mümkün olacağı qənaətində idi. Sözügedən sorğuda həmçinin 90.3% respondent şəxsən özünün gələcəkdə o torpaqlarda ermənilərlə birlikdə yaşamayacağını, təxminən 8% respondent isə yaşaya biləcəyini bildirmişdi.

Cəmiyyətin daha böyük bir hissəsi (66.0%) Ermənistanla Azərbaycan arasında hərbi münaqişənin bir daha yenidən alovlanmayacağını düşünməsə də, 28.6% respondentin bunun əksini düşünməsi narahatedici məqamdır. Başqa sözlə, bu nəticə əhalinin müəyyən qisminin (28.6%) münaqişənin tam bitməməsini düşündüyündən xəbər verir.

Gənclər arasında Ermənistanla Azərbaycan arasında hərbi münaqişənin yenidən alovlanacağını düşünənlər digər yaş qrupları ilə müqayisədə üstünlük təşkil edir. Belə ki, gənc respondentlərin 37.3%-i hərbi münaqişənin yenidən alovlanacağını düşünür.