XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

24 Dekabr 2020 - 17:16

SHXÇDX çağırışçılara müraciət edib –MƏTN

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara müraciət edib.

Xidmətdən verilən məlumata görə, Prezident İlham Əliyevin dekabrın 22-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” Sərəncama əsasən 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Müraciətdə daha sonra deyilir:

“Əziz çağırışçılar!

Bildiyiniz kimi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı 44 günlük müharibə ərzində azad etməklə möhtəşəm zəfər tarixi yazdı. 2021-ci ilin yanvar ayından etibarən Siz qalib Silahlı Qüvvələrimizdə müddətli həqiqi hərbi xidmətə başlamaqla şərəfli Azərbaycan əsgəri kimi Vətən qarşısında borcunuzu yerinə yetirəcəksiniz.

Əlavə olaraq bildiririk ki, Sizin müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğunuz xidmət yerləri barədə məlumat veriləcək. Hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən çağırıldığınız halda aidiyyəti üzrə gəlməyiniz zəruridir.

Çağırışçılardan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələrə, xüsusi karantin rejiminin tələblərinə, özünütəcrid və sanitar-gigiyena qaydalarına riayət etmək xahiş olunur.

Hörmətli çağırışçı, “Sağlamlığını qoru və Azərbaycan əsgəri kimi şərəfli adı daşımağa hazır ol!”.