XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

08 Yanvar 2021 - 15:16

“Məcburi köçkünlər arasında torpaqlarına qayıdıb-qayıtmayacağına dair sorğunun sualları müəyyənləşdirilib” –Dövlət Komitəsi

“Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Dövlət Komitəsi həmin vətəndaşların təkcə problemlərinə deyil, əhval-ruhiyyəsinə, arzu və istəklərinə də yaxından bələddir. Məcburi köçkünlərlə daimi ünsiyyət zamanı onların mütləq əksəriyyəti öz doğma el-obasına, ata-baba torpağına qayıtmaq, oradakı maddi-mənəvi irsinə sahib çıxmaq istədiyini bildirir”.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirib.

Qeyd olunub ki, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının da müxtəlif vaxtlarda məcburi köçkünlər arasında keçirdiyi sorğularda da onların mütləq əksəriyyəti öz doğma torpaqlarına qayıtmaq əzmində olduqlarını vurğulayıb: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun torpaqlarımızı işğaldan qurtarması xalqımıza böyük sevinc bəxş edib. Qəhrəman şəhidlərimizin, qazilərimizin qanı bahasına işğaldan azad edilmiş şəhər və kəndlərimizə qayıtmağı, həmin əraziləri qorumağı və yenidən dirçəltməyi, orada yeni həyata başlamağı, vətənə xidmət göstərməyi arzulayan məcburi köçkünlər Komitəyə həm yazılı, həm də şifahi formada müraciət edirlər. Yazılı müraciətlər müvafiq qaydada qeydiyyata alınır. Hazırda minlərlə belə müraciət var və hər gün də bunların sayı artır.

Komitədə məcburi köçkünlərin vahid məlumat bazası mövcuddur. Bu baza Komitənin struktur bölmələrinin məcburi köçkünlər arasında mütəmadi olaraq keçirilən sorğular əsasında və müvafiq dövlət orqanlarının məlumat bazaları ilə inteqrasiya şəraitində formalaşdırılıb. Vahid məlumat bazası məcburi köçkünlərin ailə vəziyyəti, daimi və müvəqqəti qeydiyyat yeri, faktiki məskunlaşma yeri və şəraiti, sosial təminatı, dövlətin müəyyənləşdirdiyi güzəştlərdən necə istifadə etməsi və s. məsələləri əhatə edir”.

Komitədən bildirilib ki, ölkə rəhbərinin tapşırığı əsasında aparılacaq sorğular məcburi köçkünlərin qayıdışa hazırlanması üçün müəyyənləşdirilməsi zəruri olan məsələlərin daha geniş spektrini əhatə edəcək: “Komitə məcburi köçkünlər arasında daha müfəssəl və əhatəli sorğu keçirilməsinə hazırlıq aparıb, sorğunun sualları müəyyənləşdirilib, sorğunu aparacaq qrupların təşkilinə başlanılıb”.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün keçirilən müşavirədə məcburi köçkünlərin öz torpaqlarına geri qayıdıb-qayıtmamaq istəyi ilə bağlı sorğu keçirilməsi barədə tapşırıq verib.