XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

02 Aprel 2016 - 21:58

Müdafiə Nazirliyi KİV-ə xəbərdarlıq edir –Bəs hərbi sirr nədir?

mn

 

Dünən gecədən etibarən cəbhə xəttinin müxtəlif istiqamətlərində yaşanan gərginliklə bağlı mediada və sosial şəbəkələrdə rəsmi məlumatlarla yanaşı, qeyri-rəsmi mənbələrə istinadən də xəbərlər yer aldı.

Strateq.az xəbər verir ki, Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrinə (KİV) müraciət edərək, rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırıb və bu cür məlumatları yayanların qanunla məsuliyyət daşıdığını vurğulayıb.

Mətbuat Şurası da cəbhə xəttində ötən illərdə baş vermiş analoji hadisələrin, xüsusən də atəşkəs rejiminin kütləvi pozulması hallarının mediada doğurduğu effekti, bu sahədəki mənfi təmayüllərin qeydə alınması hallarını nəzərə alaraq, Azərbaycanın kütləvi informasiya vasitələrinin təmsilçilərini diqqətli olmağa və düşmənin təxribatlarına uymamağa çağırıb. Şura hesab edir ki, bu kimi vəziyyətlərdə medianın vətəndaş mövqeyinə, milli maraqlara söykənən həssaslığı onun ən böyük peşəkarlıq göstəricisidir. "Bu peşəkarlığın nümayişi isə ilk növbədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və digər rəsmi mənbələrin məlumatlarına istinaddan, eyni zamanda əldə edilmiş məlumatların mütləq rəsmi təsdiqlənməsindən keçir” – deyə MŞ-nın yaydığı məlumatda qeyd edilir.

Onu da qeyd edək ki, Müdafiə Nazirliyi cəbhə xəttində Azərbaycana məxsus helikopterin vurulması və s. məlumatları səhər saatlarında təkzib etsə də, günün ikinci yarısında həmin xəbərləri təsdiqləyən məlumat yayıb.

Bəs qanun hansı tip məlumatların yayılmasını qadağan edir? Hərbi sirr sayılan məlumatlar hansılardır?

Hüquqşünas Ələsgər Məmmədli bildirir ki, “Dövlət sirri haqqında” qanunda hərbi sirlər də dövlət sirri sayılır.

“Hərbçilərin dislokasiya yeri, hərbçilərin yerdəyişməsi, əməliyyat planları haqqında məlumatlar, onun görüntüləri, coğrafi məkanları, koordinatları bildirən informasiyalar hərbi sirr sayılır. Bu cür məlumatlar qətiyyən verilməməlidir, bunlar məsuliyyət yaradır. Ancaq ümumi ifadələr, ümumi mənzərə barədə məlumat verilə bilər. Məsələn, «təmas xətti boyunca hərbi birliklər yerləşdirilib» demək hərbi sirr sayılmır, amma deyilsə ki, «təmas xəttində, filan kəndin və ya filan qəbiristanlığın 500 metr yaxınlığında hərbçilər var», bu, həmin ərazini identifikasiya etmək imkanı verir. Bu, qarşı tərəfə də həmin əraziyə müdaxilə imkanları yaradır. Bunları nəzərə alaraq, məsələlərə spesifik yanaşmaq lazımdır. İdentifikasiya edilməsi mümkün olan məlumatlar verilməməlidir” – deyə hüquqşünas Azadlıq radiosuna deyib.

“Bəs, məsələn, bir kəndin içində tankın vurulması ilə bağlı görüntünü media yaya bilərmi?” – sualına cavab olaraq isə Ə.Məmmədli deyib ki, kəndin adını çəkmədən ümumi regionu göstərmək olar, bu görüntünü vermək olar: "Kəndin adını söyləmək orada yaşayan şəxslər üçün təhlükə yarada bilər. Media etikası da kəndin adının çəkilməsini etik saymır”.

O, həmçinin vurğulayıb ki, olay yuxarıdan çəkilibsə, bu zaman kəndin identifikasiyası riski yaranır. “O görüntülərdən kəndin identifikasiyası mümkündürsə, bu zaman həmin görüntüdən yararlanmaq lazım deyil. İndi texnologiya elə inkişaf edib ki, kəndin görüntüləri varsa, onu müəyyənləşdirmək çətin olmayacaq. Ona görə də cəbhə bölgəsindən ümumi görüntülər verilməlidir, konkretləşdirici məqamlar olmamalıdır. Döyüşlərdən mümkün qədər dar kadrlar verilməlidir, ümumi panorama olmamalıdır” – deyə ekspert biildirir.

 

Aruz

Strateq.az