XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Yanvar 2021 - 14:59

İşğaldan azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq –Qurban Yetirmişli

Yanvarın 15-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi-Texniki Şurasının “Zoom” platforması üzərindən onlayn iclası keçirilib. 

Qurumdan verilən xəbərə görə, iclasda Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 20/2 saylı 11 dekabr 2020-ci il tarixli qərarına əsasən 2021-ci il üçün AMEA nəzdində RSXM-də aparılacaq elmi-tədqiqat işlərinin əhatəli planı müzakirə edilib.

AMEA nəzdində RSXM-nin Elmi-Texniki Şurasının üzvləri, şöbə rəhbərləri və elmi işçilərin qatıldığı müzakirələrdə mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli çıxış edib.

2021-ci ildə aparılacaq elmi-tədqiqat mövzularının planını elan edən baş direktor bildirib ki, tədqiqat işləri ilə yanaşı bu il mərkəz tərəfindən işğaldan azad edilmiş ərazilərdə yeni seysmik stansiyaların quraşdırılması məsələsi də gündəlikdədir: “Həmin ərazilərdə işğaldan əvvəl də seysmik stansiyalar olub. Bildiyiniz kimi, ermənilər orda hər şeylə vəhşi kimi davranıblar. Bizim hər şeyimizi – maddi mədəniyyət abidələrimizi, tarixi abidələrimizi, insanlarımızın evlərini, eləcə də bütün digər infrastrukturu dağıdıblar. Bizim stansiyalar da erməni barbarlığına məruz qalaraq dağıdılıb”.

Baş direktor qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq və bu da Qarabağ ərazisində seysmik tədqiqatlar aparılmasına imkan verəcək.

Hazırda həmin ərazilərin minalardan təmizlənməsi prosesinin getdiyini qeyd edən Qurban Yetirmişli dövlət qurumlarından müvafiq icazə verilən kimi seysmoloqların ora səfər edəcəklərini və yeni stansiyaların quraşdırılması üçün yerlərə baxış keçiriləcəyini söyləyib. Seysmoloqların Qarabağda aparılacaq digər işlərdə də yaxından iştirakı da nəzərdə tutulur.