XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Yanvar 2021 - 18:53

Lütfi Zadənin 100 illiyi qeyd ediləcək –Sərəncam

Prezident İlham Əliyev görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Sərəncamda qeyd olunub ki, 2021-ci ilin fevral ayında dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anadan olmasının 100 illiyi tamam olur.

Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir. Alimin ardıcıl tədqiqatlarının nəticəsi olaraq irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin iz qoymuş və yeni yanaşma üsulları meydana gətirmişdir. Bu nəzəriyyə üstün intellektual texnologiyalara güclü təsir göstərmiş, müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynamışdır.

Lütfi Zadə dünya miqyasında əsərlərinə ən çox istinad olunan alimlərdəndir. Onun yaratdığı elmi məktəb və laboratoriyalar bir sıra ölkələrdə yarım əsrdən artıqdır ki, uğurla fəaliyyət göstərməkdədir. Azərbaycanlı olduğunu fəxrlə bildirən və ürəyi daim doğma Vətəni ilə bir döyünən Lütfi Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülüb.