Rusiyanın MNP şirkətlər qrupu (“Dəniz və neftqaz layihələri”) azərbaycanlı iş adamı, “İSR” şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilova metanoldaşıyan tanker satmaq barədə razılığa gəlib.
Bu barədə MNP şirkətlər qrupunun Mətbuat Xidməti məlumat yayıb. Tanker alınması barədə razılaşma mayın 21-22-də Bakıda keçirilən “Argus Neftetransport-2015” beynəlxalq konfransı zamanı əldə olunub.
“Krasnoye Sormovo” zavodu MNP şirkətlər qrupunun tərkibinə daxildir.
Konfransın kuluarlarında MNP şirkətinin nümayəndələri ilə “İSR” şirkətlər qrupuna daxil olan “İSR Trans” şirkətinin idarə heyətinin rəhbəri, İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilovla RST27 layihəsi əsasında metanoldaşıyan tankerin inşasına dair prinsipial razılaşma əldə olunub. Danışıqlarda “Krasnoye Sormovo” zavodunun direktoru Nikolay Jarkov da iştirak edib.
“İSR Trans” şirkəti Rusiya və MDB respublikaları ərazisində yükdaşıma və loqistika fəaliyyətləri, o cümlədən neft və neft məhsullarının, kimyəvi maddələrin daşınması ilə məşğul olur.
MNP şirkətlər qrupu bildirib ki, beləliklə “ISR Trans”ın sifarişi ilə Rusiyada ilk metanol daşıyan tanker inşa ediləcək.
Strateq.az