XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

30 Yanvar 2021 - 20:39

Zakir Həsənov Türkiyə Müdafiə nazirinin müavini ilə görüşüb- FOTO

Yanvarın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə nazirinin müavini cənab Yunus Emre Karaosmanoğlu ilə görüşüb.

Nazirlikdən APA-ya bildirilib ki, müdafiə naziri general-polkovnik Z.Həsənov Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz olduğunu qeyd edərək iki ölkə arasında hərbi əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu, bu əməkdaşlığın inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarının dostluq münasibətlərinin mühüm rol oynadığını deyən general-polkovnik Z.Həsənov bu münasibətlərin Azərbaycan-Türkiyə hərbi və hərbi-texniki əməkdaşlığının möhkəmlənməsi və inkişafına müsbət təsir göstərdiyini xüsusi vurğulayıb.

General-polkovnik Z.Həsənov qeyd edib ki, tarixə Vətən müharibəsi kimi düşən ikinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatdı və torpaqlarımız 44 gün ərzində işğaldan azad edildi. Vətən müharibəsinin Azərbaycanın parlaq qələbəsi ilə sona çatmasında Türkiyənin mənəvi dəstəyinin böyük rol oynadığını xüsusi vurğulayan Müdafiə naziri Türkiyənin dövlət rəhbərliyinə və xalqına minnətdarlığını ifadə edib.

Müdafiə naziri ümidvar olduğunu bildirib ki, Azərbaycanın Ağdam rayonu ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi səmərəli fəaliyyət göstərərək əldə olunan razılaşmaların icrasına nəzarət edəcək və regionda uzunmüddətli sülhün təmin edilməsinə töhfə verəcək.

Öz növbəsində Türkiyə Milli Müdafiə nazirinin müavini Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Cənab Y.E.Karaosmanoğlu Birgə Monitorinq Mərkəzinin tam həcmdə fəaliyyət göstərməsi üçün görülən işlərə və mərkəzdə yaradılan şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Türkiyə Milli Müdafiə nazirinin müavini əmin olduğunu bildirib ki, mərkəz təyinatı üzrə fəaliyyət göstərərək qarşısında duran vəzifə və tapşırıqların öhdəsindən layiqincə gələcək, bölgədə sülhün və sabitliyin təmin edilməsinə nail olacaq.

Türkiyə Milli Müdafiə nazirinin müavini Azərbaycan ilə Türkiyə arasında münasibətlərin hazırkı vəziyyətindən məmnunluğunu ifadə edib və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyini qeyd edib.

Tərəflər hərbi əməkdaşlığın hər iki ölkənin maraqlarına xidmət etdiyini əsas gətirilərək bu istiqamətdə, xüsusilə hərbi-texniki əməkdaşlıq və birgə təlimlərin keçirilməsi sahəsində səylərin daha da artırılmasının zəruriliyini qeyd ediblər. Bildirilib ki, Azərbaycan ilə Türkiyə arasında keçirilən hərbi təlimlər hər iki ölkə ordularının şəxsi heyətinin peşəkarlığının artırılması ilə yanaşı bölgədə sülhün, təhlükəsizliyin və sabitliyin qorunub-saxlanılmasına xidmət edir.

Görüşdə regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.