XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Fevral 2021 - 14:43

Məktəblərdə müəllim və şagirdlərin hərarəti ölçülür –BŞTİ

Fevralın 1-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsilə start verilib.

İdarədən verilən məlumata görə, BŞTİ-nin rəhbərliyi və əməkdaşları təhsil müəssisələrində əyani tədris prosesinin gedişini izləyib.

Bakıda ibtidai siniflərdə əyani təhsil həftədə 3 dəfə, məktəbəhazırlıq qruplarda isə həftədə 2 dəfə təşkil olunur. V-IX siniflərdə təhsil alan şagirdlərin tədrisə ənənəvi qaydada cəlb olunması barədə mövcud epidemioloji vəziyyətə uyğun olaraq qarşıdakı müddətdə qərar veriləcək.

Qeyd edək ki, əyani tədris zamanı şagird sayı çox olan siniflər qruplara bölünür. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar təhsil müəssisələrinə daxil olan zaman müəllim və şagirdlərin hərarəti ölçülür, şagirdlər arasında sosial məsafənin qorunması təmin olunur.

Təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil edilir.

Əyani tədris forması təşkil edilən təhsil müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılacaq.

Onu da qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I-IV siniflərində 182 018 şagird təhsil alır, məktəbəhazırlıq qruplarına isə 27 122 uşaq cəlb olunub.