XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Fevral 2021 - 10:05

“Randevu.its.gov.az”da qeydiyyatdan keçə bilməyənlər…- Poliklinikalara müraciət edə bilər

“Bildiyiniz kimi ilk mərhələ də tibb işçilərinin vaksinasiya prosesi baş tutdu. Tibb işçilərinin 70% peyvənd olunub”.

Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib. O bildirib ki,  8 fevral tarixindən etibarən artıq strategiyada qeyd olunduğu kimi ikinci mərhələ başlayır: “İkinci mərhələdə yaşı 65-dən yuxarı olan əhali qrupunun peyvəndlənməsi nəzərdə tutulur. Poliklinikalarda yaradılan məntəqələrdə yarana biləcək sıxlığın qarşısını almaq məqsədi ilə qeydiyyat prosesi onlayn keçiriləcək. Qeydiyyata alınmaq üçün yaşı 65-dən yuxarı olanlar randevu.its.gov.az linkinə daxil olacaq. Linkə daxil olanların qarşılarına hazır qeydiyyat forması çıxır. Həmin formanı doldurmaqda çətinlik çəkənlər üçün yazılı və videoçarx şəkilində təlimat var.

Bu zaman belə bir sual yaranır. Yaşı 65-dən yuxarı insanların bəziləri internet istifadəçisi deyil. Bu halda həmin adamlar qeydiyyatdan necə keçə biləcək?

Belə olan halda yaşı 65-dən yuxarı olan vətəndaş ailə üzvlərindən və yaxud yaxınlarından bu işdə ona yardım etmələrinin xahiş edə bilər. Yardım edə biləcək adamı yoxdursa, ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verə biləcək”.

Abubəkirov qeyd edib ki, qeydiyyatda olan tibb işçiləri bu prosesdə vətəndaşa yardımçı olacaqlar: “Onu qeydiyyatdan keçirib məntəqəyə gəlməli olduğu günü və dəqiq vaxtı bildirəcəklər. Vaksinasiya bildiyimiz kimi 2 dozadan ibarətdir.

Vətəndaş qeydiyyatdan keçdiyi zaman ilk dozanın vurulduğu tarixə əsasən sistem dərhal 2-ci doza üçün tarixi avtomatlaşdırılmış şəkildə göstərəcək. Mobil nömrələrə də bununla bağlı SMS göndəriləcək. Bu işin gedişatını bir qədər də asanlaşdıracaq”.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, qeydiyyat zamanı vətəndaş səhvə yol verərsə, bu zaman hər hansı düzəliş etmə şansı var:  “Vətəndaşlar qeyd edilən randevu vaxtını və ya məntəqəni dəyişmək istədikdə göstərilən prosesi yenidən icra etməlidir. Gün ərzində 3 dəfə randevu dəyişikliyinə icazə verilir”.