XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Fevral 2021 - 10:16

Bakıda fəhlə faciəvi şəkildə ölüb –Prokurorluq

Fevralın 4-də saat 14 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində fəhlənin təmir-tikinti işləri apararkən xəsarət alaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər Rayon Prokurorluğundan verilən məlumatına görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Vahid Vəliyev qeyd edilən ərazidə fəhlə işlədiyi fərdi yaşayış evinin təmiri zamanı beton qarışdıran maşının pompasının başına dəyməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə prokurorluq işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda hadisənin baş vermə səbəblərinin və təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.