XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Fevral 2021 - 22:12

Laçın dəhlizi uğrunda gedən döyüşlərdə şəhadətə qovuşan şəhid baş leytenant Fuad Əlizadə –VİDEO

Şəhid baş leytenant Fuad Əlizadənin üzündən heç zaman gülüş əskik olmazdı. 26 illik həyatında saf təbəssümü ilə iz qoydu. Bu izi müharibədə də itirmədi, döyüşərkən, şəhidliyə ucalarkən belə yox olmadı onun simasından o təbəssüm. Fuad 1994-cü ildə Şahbuz rayonunun Kolanı kəndində doğulub, Naxçıvan şəhərində böyüyüb başa çatıb. Hərbə, hərbi formaya, ən başlıca isə Vətənə olan bağlılığı onu 2008-ci ildə Naxçıvan şəhərindəki hərbi liseyə gətirir. 2015-ci ildə Ali hərbi məktəbdə təhsilini başa vurub leytenant rütbəsi alır. Hələ gənc leytenant olmasına baxmayaraq, zəfər yolumuzun başlanğıcı olan Aprel döyüşlərinin fəal iştirakçısı olur.

Qəhrəman şəhidimiz oktyabrın 12-sinə qədər Murov dağın müdafiəsində, 12-sindən sonra isə Füzuli, Cəbrayıl, Qubadlının azad olunmasında misilsiz şücaətlər göstərir. Şuşa qalasının fəthinə, ən əsası Böyük Qələbəmizə yol açan oğullardan olan Əlizadə qələbəmizdən cəmi 2 gün əvvəl- noyabrın 7-də Laçın dəhlizi uğrunda gedən döyüşlərdə şəhadətə qovuşur. Nəşi noyabrın 30-u doğma torpağımıza gətirilir. Onun qollarında can verən döyüş yoldaşının dilindən eşitdikdə Fuadın necə igid, fədakar,  vətənpərvər, özündən çox əsgərlərini düşünən zabit olduğunun bir daha şahidi oluruq.

Fuad hər zaman fərqlənməyi sevərmiş. O, istər xidməti, istərsə də haqq savaşımızda fərqlənməyi bacardı. Buna görə ölümündən sonra Ali Baş Komandan tərəfindən “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda”, Cəbrayılın, Laçının, Qubadlının azad olunmasına görə medalları, şəhadətindən əvvəl isə “Azərbaycan Ordusunun yaranmasının 100 illiyi” medalı ilə təltif olunub.

Bu gün hər birimiz baş əyirik Şəhid məzarları önündə. Hər biri bir Azərbaycan olan Vətən Şəhidləri ilə fəxr edirik! Fuad isə indi şəhadətdən baxır azadlığı üçün döyüşdüyü Vətənin hər qarışına, nurlu təbəssümü ilə…

Naxçıvan televiziyasının əməkdaşları şəhid baş leytenant Fuad Əlizadə ilə bağlı reportaj hazırlayıblar.

Strateq.az Nuhçıxan İnformasiya Agentliyinə istinadla həmin reportajı təqdim edir: