XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Fevral 2021 - 17:24

Türkiyə telekanalında Azərbaycanla bağlı veriliş yayımlanır –FOTO

Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən Türkiyənin yerli kanalı olan EsTV-də “Üççizgi” adlı proqram yayınlanır.

Strateq.az-ın xəbərinə görə, proqramın ilk buraxılışı 25 sentyabr 2020-ci ildə efirə çıxıb.

“Üççizgi” televiziya proqramının məqsədi Azərbaycanın tarixini, mədəniyyətini, adət və ənənələrini, görkəmli şəxsiyyətlərini, eyni zamanda Azərbaycan və Türkiyə arasındakı münasibətləri və bu münasibətlər nəzdində Türk Dünyası daxilindəki münasibətləri Türkiyə xalqına çatdırmaq və aşılamaqdır.

“Üççizgi” proqramı çərçivəsində Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri, görkəmli şair, Azərbaycan himninin yazarı Əhməd Cavad, 18 Oktyabr – Azərbaycan Dövlət Müstəqilliyi gününə həsr olunaraq müstəqillik tarixi, Cənubi Azərbaycan, Azərbaycanın dünyanı bəzəyən səsi Rəşid Behbudov, qanlı və eyni zamanda şanlı 20 Yanvar hadisələri, Azərbaycan Cümhuriyyətinin əsasını qoyan Məhəmməd Əmin Rəsulzadə haqqında bölümlər yayınlanıb.

Eyni zamanda 27 sentyabr tarixində başlayan və 8 noyabrda zəfərlə bitən, xalqa qələbə və birlik ruhunu aşılayan Qarabağ savaşı zamanı “Üççizgi” televiziya proqramında 4 ayrı bölümə yer verilib. 2 oktyabr 2020-ci ildə Azərbaycandakı son durum haqqında bir bölüm Eskişehir Azərbaycanlılar Dərnəyinin başqanı Cavid Aydının iştirakı ilə həyata keçirilib. Bundan başqa, Kahramanmaraş Sütçü İmam Universiteti, Siyasət Bilimi və Beynəlxalq Münasibətlər Fakültəsi Dekanı Prof. Dr. Toğrul İsmayılın iştirakı ilə “İşğaldan zəfərə Qarabağ məsələsi”, keçmiş general Yücel Karauzun iştirakı ilə “Türkiyə-Azərbaycan hərbi münasibətləri” və Eskişehir Azərbaycanlılar Dərnəyinin başqan müavini Sirac Yaquboğlunun iştirakı ilə “Azərbaycan şeirində Vətən və Qarabağ” mövzularına toxunulub.

Qeyd edək ki, Eskişehir Azərbaycanlılar Dərnəyi 2010-cu ildə yaradılıb. Əsas məqsədi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq olan dərnək bu günə qədər Azərbaycan tarixini və mədəniyyətini təbliğ edən yüzlərlə layihə həyata keçirib. Dərnəyin başqanı Cavid Aydının sözlərinə görə, 2016-cı ildə keçirilən Dünya Azərbaycanlılarının Qurultayında qarşıya qoyulan məqsədə uyğun olaraq 2017-ci ildə “Üç Çizgi” adlı jurnalın nəşrinə başlayıblar. Həm jurnal, həm də eyniadlı TV proqramı haqqında “Facebook” səhifəsindən (https://www.facebook.com/uccizgidergisi/) məlumat almaq mümkündür. TV proqramımızın bütün yayınları isə “Youtube”da (https://youtu.be/eCw1d1cEY_0) yer alır. Eskişehir Azərbaycanlılar Dərnəyinin digər fəaliyyətləri ilə həm “Facebook” səhifəsindən (https://www.facebook.com/EskisehirAzerbaycanlilarDernegi), həm də “Youtube” kanalından (https://youtube.com/channel/UC0I08cI3wkvDBZ8HhEkJC1g) tanış olmaq olar.