XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Fevral 2021 - 19:56

Bərdə məhkəməsinin iclas katibi həbs edilib- Baş Prokurorluq məlumat yaydı

Vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.

Baş Prokurorluqdan Strateq.az-a verilən məlumata görə, belə tədbirlərdən biri kimi, Bərdə rayon məhkəməsinin iclas katibi vəzifəsində işləmiş Elcan Alışovun qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən daxil olmuş materiallar üzrə aparılan araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə həmin vəzifədə işləyərkən Elcan Alışovun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən bir qrup rayon sakininin məhkəmə baxışı zamanı azadlığa buraxılacağı ilə bağlı yalan vədlər verərək, təqsirləndirilən şəxslərin qohumlarından cəmi 24 min manat məbləğində pul vəsaitini almasına, məhkəmənin hökmü ilə sözügedən təqsirləndirilən şəxslərə azadlıqdan məhrumetmə cəzası təyin edildikdən sonra isə onların cəzalarının bir hissəsini çəkdikdən sonra şərti olaraq vaxtından əvvəl azadlığa buraxılacağı barədə vəd verməklə vətəndaşlardan əlavə olaraq 10 min manat məbləğində pul vəsaitini almasına, bununla da, ümumilikdə 34 min manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib vətəndaşları rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb.

Alışov Elcan Əmir oğlu Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4  (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən digər halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.