XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Fevral 2021 - 19:53

“Azərbaycana COVİD-19-a qarşı ən etibarlı vaksin gətirilib” –Adil Allahverdiyev

“Xüsusilə pandemiya zamanında infeksion xəstəliklərə qarşı ən yaxşı mübarizə üsullarından biri əhalinin peyvənd olunmasıdır. Vaksinasiya zamanı orqanizmə COVID-19-a səbəb olan virusun bəlli parçaları daxil edilir və orqanizmin immun sistem hüceyrələri tərəfindən tanınır. Daha sonra immun sistem hüceyrələri aktivləşərək həmin infeksiyaya qarşı mübarizəyə başlayır”.

Bunu V. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.

O bildirib ki, Azərbaycana gətirilən, Çin şirkəti tərəfindən istehsal olunan Coronavac vaksini öldürülmüş COVID-19 virusundan əldə edilir: “İnaktiv və ya öldürülmüş vaksinlərdən başqa digərləri molekulyar və biotexnoloji metodlarla əldə olunur. Əgər koronavirusa qarşı peyvənd oluruqsa, orqanizmə bəlli miqdarda COVID-19-un öldürülmüş hüceyrələri daxil edilir. Bunlar immun sistemini hərəkətə gətirərək, xəstəliyə qarşı güclü immun cavab yaratmış olur. Bu vaksinin ən böyük üstünlüyü odur ki, öldürülmüş olduğundan hər hansı xəstəliyin meydana gəlməsi mümkün deyil. Digər tərəfdən, bu vaksinlərin saxlanma şəraiti rahatdır. Vaksinin digər müsbət cəhətlərindən biri də odur ki, “mRNA” vaksinlərindən fərqli olaraq başqa immunogen molekulları da özündə daşıyır. Bu isə virus mutasiyaya uğrayarsa, vaksinin effektivliyinin azalmasına ciddi təsir etməyə bilər. Digər vaksinlərin isə mutasiya olmuş versiyaya qarşı təsirinin azalması ilə bağlı məlumatlar gəlməkdədir”.

Allahverdiyev qeyd edib ki, digər vaksinlərin effektivliyinin 95 faizdən 88 faizə düşməsi haqda məlumatlar mövcuddur, amma Coronavac vaksini ilə əlaqədar bu günə qədər hər hansı bir məlumat yoxdur.

Direktor bildirib ki, peyvənd olunmuş insanlar koronavirusa təkrar yoluxa bilərlər: “Həmin şəxslər gigiyenik qaydalara mütləq əməl etməlidir. Vaksin olunmuş insan ya xəstələnməz, xəstələnərsə, ən azından reanimasiyaya düşməz, xəstəliyi yüngül keçirər. İnsanlar bilməlidir ki, dövlətimiz tərəfindən uzun zamandan bəri vaksinlə bağlı işlər aparılıb. Deyərdim ki, ölkəmizə ən etibarlı vaksin gətirilib”.

Allahverdiyev peyvənddən sonra insanda virusa qarşı anticisimlərin yaranmasından da danışıb. Onun sözlərinə görə, birinci vaksindən üç həftə sonra insanda virusa qarşı anticisimlər yaranır: “Bu, insan orqanizmindən asılı olaraq 3 həftədən tez də ola bilər. Normal halda 40-45 gün sonra insanda COVID-19-a qarşı yetəri qədər anticisim yarana bilər. Amma peyvənd vurdurmuş şəxs “Başqası üçün təhlükəli deyiləm, yoluxmayacam” deyə bilməz. Maska taxmaq, sosial məsafəyə diqqət etmək lazımdır. Xüsusilə hazırda virusun mutasiya olmuş ştammının yayılması dövründə daha da diqqətli olmalıyıq. Anticisimlərin yaranıb-yaranmadığını analiz vasitəsilə çox asanlıqla bilmək olur. Ola bilər ki, bəzi insanlarda immun sistemində problem var deyə  anticisimlər meydana gəlməz. Belə şəxslər çox olmur, amma 3-4 faiz insanda ola bilər”.

Həkim Coronovac vaksininin müəyyən yaş qruplarında daha çox anticisim yarada biləcəyini vurğulayıb: “Bəzi qruplarda anticisimlər daha az meydana gələ bilər. Amma az və ya çox əmələ gəlməsindən asılı olmayaraq, deyə bilərik ki, peyvənd olunmuş şəxs xəstəliyə yoluxursa, xəstəliyi daha yüngül keçirə bilər.  Hazırda yeni ştamma aid bir şey məlumdur ki, bu da xəstəliyin sürətlə yayılmasıdır. Hələ ki, bu ştammın klinikasının ağır  keçməsi ilə bağlı hər hansı məlumat yoxdur. Amma mutasiya davam edir, irəlidə başqa mutasiya variantları da  meydana gələ bilər. Vaksinlərin mutasiya versiyasına qarşı effektivliyi itə və ya təsiri azala bilər. Əgər mutasiya versiyaları ağırlaşarsa, daha çox ölümə səbəb olarsa, o zaman bu viruslardan yeni vaksinlərin hazırlanıb tətbiq olunmasına ehtiyac olacaq. Yenə də Coronavac daha güvənlidir”.

Allahverdiyevin sözlərinə görə, mövcud vaksinlərin koronavirusun yeni ştammlarına qarşı effektivliyi getdikcə azala bilər: “Ona görə də ölkəmizdə vaksinasiyanı sürətli şəkildə aparmalıyıq. İnsanlar bu işdə yaxından iştirakçı olmalı, kömək etməlidirlər. Qısa zamanda əhalinin əksər hissəsi vaksinasiyadan keçsə, onlarda yaranan anticisimlər başqa ştammların orqanizmimizə təsirinin qarşısını almış olacaq. Çünki bədəndə anticisimlər olur, mutasiya olmuş virus geniş yayıla bilmir. Hər bir vətəndaş unutmamalıdır ki, onun peyvənd olunması sadəcə özü üçün deyil, yaxınları üçün də vacibdir. Bu, vətəndaşlıq borcudur, hər kəs vaksinasiya prosesində iştirak etməklə kollektiv immunizasiyanın meydana gəlməsində rol oynamış olur. Əgər əhalinin az qismi peyvənd olunarsa, digər qismi vaksinasiyadan keçməzsə, COVID-19-a qarşı həssas insanlar xəstəliyin yayılmasında, epidemiloji vəziyyətin gərginləşməsində böyük rol oynaya bilərlər”.