XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Fevral 2021 - 20:32

Baş həkimdən əhaliyə çağırış:"Vaksinasiya həyat xilas edir"

“5 saylı Şəhər Klinik Xəstəxanasının 450 nəfərlik işçi heyətindən 300-ü Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksininin ilk dozasını vurdurub və hamısının səhhəti normaldır, heç bir problem müşahidə olunmayıb”.

Bunu xəstəxananın baş həkimi Fazil Alməmmədov deyib.

O bildirib ki, digər tibb işçilərinin bəziləri virusa yoluxduğundan onlara peyvənd vurulmayıb: “İlk dozanı vurduran işçilər yaxın günlərdə ikinci dozasını qəbul edəcəklər”.

Özünün də COVID-19 əleyhinə peyvənd olunduğunu deyən F.Alməmmədov vurğulayıb ki, səhhətində hər şey qaydasındadır: “Yüngül hərarət və baş ağrısı oldu. Bu da təbiidir. Çünki bir çox peyvənddə belə yan təsirlər mümkündür. Əhaliyə tövsiyə edərdim ki, mütləq şəkildə vaksinasiya prosesinə qoşulsunlar. Vaksinasiya olunmaq şərtdir. Ən azından virusa yoluxsalar belə, bunu yüngül formada keçirəcəklər. Vaksinasiya prosesi nə qədər çox insanı əhatə etsə, ölüm halı bir o qədər aşağı düşəcək. vaksin həyat xilas etmir, vaksinasiya həyat xilas edir”.

O həmçinin əhalini vaksinin tərkibi ilə bağlı narahat olmamağa çağırıb: “Əhalinin sağlamlığı üçün istehsal edilən vaksinin ciddi yan təsirlərinin olması qeyri-mümkündür. Bu günə qədər vaksin vurduran şəxslərdə ciddi fəsad aşkarlanmayıb”.

Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən COVID-19 əleyhinə vaksinasiya prosesinə başlanılıb. Fevralın 8-dən isə 65 yaşdan yuxarı şəxslərin və bəzi dövlət qurumlarında çalışanların peyvəndlənməsi aparılır.

Fevralın 2-dən isə vaksinasiyanın 2-ci mərhələsinə start verilib.

Peyvəndləmə könüllü və dövlət hesabına həyata keçirilir. (report)