XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

07 Aprel 2016 - 11:31

İnhisarçılığa görə cəzalar sərtləşdi– 12 ilədək həbs

inhisar

Ölkədə inhisarçılıq və rəqabətin məhdudlaşdırılmasına qarşı mübarizə ilə bağlı qaydaların təsnifatı genişləndirilib, cəzalar xeyli sərtləşdirilib. 

Strateq.az xəbər verir ki, bununla bağlı Milli Məclisin son plenar iclasında AR Cinayət Məcəlləsinin 199-cu maddəsinə dəyişikliklər edilib.

Maddənin 1-ci bəndinə edilən dəyişikliyə əsasən, təsərrüfat subyektlərinin digər rəqibləri bazardan kənarlaşdırmaq və ya yeni rəqiblərin bazara daxil olmasının qarşısını almaq məqsədilə rəqabəti məhdudlaşdıran vasitələrin tətbiqi barədə kartel sövdələşməsi, belə sövdələşmədə iştirak etmə, yaxud rəqabətin qarşısının alınmasına, aradan qaldırılmasına və ya məhdudlaşdırılmasına səbəb olan, səbəb ola bilən maneələrini yaratma, məhdudlaşdırıcı fəaliyyət vasitələrindən istifadə etmə və ya inhisarçılıq hərəkətləri etməyə görə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 2 misli miqdarında cərimə edilməklə 2 il müddətinə müəyyən vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud 2 il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.

Bu bəndi hazırda qüvvədə olan variantı isə belədir: “İnhisarcasına yüksək və ya inhisarcasına aşağı qiymət təyin etməklə, habelə bazarı bölüşdürməklə, bazara daxil olma imkanını məhdudlaşdırmaqla, oradan iqtisadi fəaliyyətin digər subyektlərini kənarlaşdırmaqla, vahid qiymət təyin etməklə və ya saxlamaqla inhisarçılıq hərəkətlərini etməyə görə, 100 manatdan 500 manata qədər cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır”.

Maddənin 2-ci bəndi isə dəyişdirilərək eyni əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi ilə yanaşı, onun təkrar törədilməsi, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi, o cümlədən xeyli miqdarda ziyan vurduqda, xeyli miqdarda gəlir əldə etməklə törədilməsi də cinayət məsuliyyəti kimi qeydə alınır və buna görə, 3 il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yaxud cinayət nəticəsində vurulmuş ziyanın 3 misli miqdarında cərimə edilməklə 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə tətbiq olunur.

2-ci bəndin hazırkı qüvvədə olan variantı isə belədir: “Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

3-cü bəndə edilən dəyişikliyə əsasən maddənin hər iki bəndində nəzərdə tutulmuş əməllər hədə-qorxu ilə tələb etmə əlamətləri olmadan, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə özgənin əmlakını məhv etməklə və ya zədələməklə və ya belə məhv etmə və ya zədələmə hədəsi ilə törədildikdə, külli miqdarda ziyan vurduqda (gəlir əldə etdikdə) vurulmuş ziyanın 4 misli miqdarında cərimə tətbiq olunmaqla, 12 ilə qədər həbs cəzası tətbiq ediləcək. Bəndin hazırda qüvvədə olan cəzası isə əmlak müsadirə olunmaqla 3 ildən 6 ilə qədər həbsdir. Maddənin “Qeyd” hissəsində bildirilir ki, burada xeyli miqdar dedikdə 10 min manatdan 50 min manata qədər, külli miqdar dedikdə isə 50 min manatdan artıq vəsait nəzərdə tutulur. O da deyilir ki, göstərilən əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla həmin cinayət əməlinin aşkar edilməsinə və qarşısının alınmasına yardım etdikdə, onun əməlində başqa cinayətin tərkibi olmadıqda cinayət məsuliyyətindən azad olunur.

Aruz