XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

09 Aprel 2016 - 18:02

Vətəni qibləgah edən şəhidlər – Ravil Novruzov

II YAZI

XINALI KƏKLİYİN NAĞILI

aida

 

“Xızı dağları” deyəndə gözlərimin önünə kəkliklər gəlir. Kəkliklərin adını həmişə qəm, kədər mahnılarında eşitmişik, yaralı, xınalı kəklik demişik. Ovçuların vaxtsız açılan güllələrindən  kəkliklərin də ömrü  yarımçıq qalır… Xınalı kəkliklər…

Ovçular duran yerdə,

Yay-oxun quran yerdə.

Görüm əlin qurusun,

Kəkliyi  vuran yerdə.

 

Xızının Giləzi kəndində də bir igid balamızın şəhid olduğunu dedilər.  Toy çadırı qurulmalı olan Ravil Elman oğlu Novruzovun, yas çadırına gəldik. Həyətində musiqi səsləri çalınmalıykən, mərsiyələr, bayatılar oxunurdu.

Kəklik sanınnan keçər,

Ötər yanınan keçər,

İgid Vətən yolunda

Ölər canından keçər.

ravil Novruzov 4

Üç qardaşın bir bacısı

Əvvəlcə Ravilin bacısı Aygun  ilə söhbət etmək istədim. “Danışa bilmərəm deyib”- göz yaşını qoşa bulaqdan axıdar kimi axıtdı. Xalası köməyimizə gəldi. Əvvəl o danışdı:

– Ravil hamımızın fəxri idi. Görürsən  bu kəndi, hamı bir-birinə çox mehribandır. Qohumcanlı bacım balası, hansımızın bir problemi olurdu özünü verirdi irəliyə. Çox kasıb yaşayan bir bacım da var. Ravil Novruz bayramı günlərində getmişdi onunla görüşməyə. Görüb ki, qızı qızdırmanın içərisində yanır. Tez təcili yardım çağırtdırıb, həkimin pulunu verdi. Söhbətimizin bu yerində bir balaca toxtayan Aygün, hıçqırıqlarla danışmağa başladı:  

"Üç qardaş bir bacıyıq. Ravil mənim həm qardaşım, həm dostum idi. Nə vaxt gəlsə, ev üçün bir yeni nəsə alıb gətirirdi. Bayram günlərini bizimlə keçirdi. Cəbhəyə yola düşməmişdən əvvəl gəldi evə. Dedi ki, yol çantamı yığ. Hərbiçi çantasına  sabun, şampun, təmiz  paltarlar qoydum. Üst başını dəyişdirəndə, cibindəki xırda pulları çıxarıb, mənə verib dedi ki, bunları saxlayarsan. Ağlıma hardan gələydi ki… Soruşduq hara gedirsən, dedi 3-4 günə qayıdacam, təlimlər başlayıb.  Qardaşım həmişə sürprizlər etməyi sevirdi. Ötən il ad günümdə mənə qızıl boyunbağı və üzük hədiyyə etdi".

ravil Novruzov3                                     Qəhrəmanlıq  kökdən gəlir  …

Böyük qardaşı Elçin kənarda durub, məlul-müşkül,  gəlib-gedənlərə baxır. Boynunu qucaqladım. Səbr diləmək istədim. Hönkürdü. Dedi ki, "Ravil kimi hər qardaş ola bilməzdi. Ravil və Mirzə qardaşım məndən kiçikdirlər. Aramızda pərdə var idi. Böyük-kiçik yeri bilərdi. Az danışardı. Bütün sözü-söhbəti bacım Aygünlə idi. Bizim babalarımız da, əmilərim də hərbçi olublar. Qəhrəmanlıq nəsil şəcərəmizdə var. Anamın atası Ağaverdi baba 1941-45-ci ildə müharibə başlayanda 70-dən artıq yaşı olub. Nənəm deyərdi ki, o heç vaxt evdə oturmazdı.   Giləzidə Dəmir yolu vağzalında vəzifə sahibi olub. Müharibə illərində Vətənə  xidmətlərinə görə Qızıl medal və Lenin ordeni ilə mükafatlandırılıb. Atamın atası, Mirzə  Salman oğlu Novruzov da Böyük Vətən müharibəsi iştirakçısı olub. O müharibədə 7 il vuruşub. Berlinə qədər gedib çıxıbmış. Ancaq boğazından bir dəfə faşist gülləsi ilə yaralanıb. Lakin müharibədən qayıdıb gəlmişdi.  Təsadüfə baxın ki, Ravil də bu döyüşlərdə  elə babam kimi boğazından yaralanıb, snayperin atdığı güllə nəticəsində  həlak olub. Əmilərimdən biri Sovetin Polşada və Əfqanıstanda apardığı  absurd müharibələrin iştirakçısı və veteranı idi. “Uşaqlığınızı necə xatırlayırsan?”- deyə soruşdum. Səsi titrəyə-titrəyə, məndən balaca idi deyə onu həmişə döyərdim, – dedi və gözlərindən yaş sel kimi süzüldü. Gördüm ki, o uşaq şıltaqlıqlarının ağrısını çəkdi Elçin.

Dost- dosta tən gərək …

Elvinin yas məclisinə gələn dostları da elə özü kimi boylu, buxunlu, qamətli, dəmir iradəli gənclərdirlər. Kimisiylə əsgər yoldaşı olub, kimisiylə  təlim məşqlərində tanış olub… Kimisi ilə də can sirdaşı, yol yoldaşı olub,kimisylə də  bir kənddə böyüyüblər. Hamısının  da ürəkləri doludur, Elvindən, onun mərdliyindən, sədaqətindən etibarından danışırlar. Onu da öyrəndim ki, Giləzi  kənd cavanları ətrafda iş yerlərinin olmaması ucundan, əksəriyyəti ailəsini dolandırmaq, bu ağır zəmanəmizdə güzəranlarını qurmaq üçün üçün hərbidə işləməyə üstünlük veriblər.  Ravil kimi Silahlı Qüvvələrin Xüsusi Təyinatlı Dəstələrində xidmət edirlər.

Dostu Xəyyam Həsənov: 

“Ravilin yoxluğuna heç inana bilmirəm. Ön cəbhəyə getməmişdən iki gün qabaq evlərinə gəlmişdi. Məni çağırdı,  balıq qızartdırmışdı. Heç yeməyini tək yeməzdi, süfrəsini tək açmazdı.  Onunla oturub bir stəkan çay içmək də adama zövq verirdi. Ümumiyyətlə, işinin xırdalıqları, keçirdikləri əməliyyatlar haqqında heç nə danışmırdı. Sillahlı Qüvvələrdə Müddətdən artıq Xidmət keçirdi. Onun özü bir Ordunun qarşına çıxacaq qədər cüssəli-güclü, hazırlıqlı idi. Ancaq  Müdafiə Nazirliyinin təltif etdiyi Fəxri Fərmanlar, Medalları haqqında sevinclərini həmişə bizimlə bölürdü.  O həmişə birinci olmağı sevirdi”

ravil Novruzov 2

P.S: Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Səmti Müəyyən etmə birinciliyi yarışları 20 ilə yaxındır ki, keçirilir.   Səmti Müəyyən etmə yarışları dağ, meşə, düzənlik, oyalıq və başqa təbii coğrafi relyeflərdə keçirilir.  Yarış iştirakçıları həmin ərazilərdə kiçik miqyaslı xəritənin və kompasın köməyi ilə məntəqələri ardıcıllıqla tapmalıdır. Bu yarışın əsas cəhəti odur ki, hərbi qulluqçular  ilk növbədə xəritdən  və kompasdan istifadə etməyi yaxşı bilməli və yüksək fiziki hazırlığa malik olmalıdırlar. Yarışlarda ayrı-ayrı qoşun növlərində və birləşmələrdə xidmət edən idmançılar fərdi, qrup və iki-iki patrul hərəkəti üzrə birincilik uğrunda mübarizə aparırlar. Ravil Novruzov da bu yarışların ən bacarıqlı və güclü iştirakçılarından olar və birinici, ikinci yerləri qazanırdı.

 Dostu Elvin Mustafayev:

“Onun necə dost olmasını sözlə ifadə edə bilmirəm. Onunla dost olanlar bilir ki, Ravil necə vətənpərvər, igid bir oğlan idi. Hamımız anamızı çox sevirik. Onun anasına sevgisi, qayğısı bir başqa idi. Deyirdi ki, ağır əməliyyatlarda adamın gözünün qabağına ilk əvvəl ana, bacı, doğmalar gəlir. Sonra hərəkətə keçəndə unudulur bir müddət. Silahlı Qüvvələrdə iştirak etdiyi gündən bir dəfə də təlim sirrlərini, keçirdikləri əməliyyatları barədə söhbət açıb, özünə güvənmədi, hər zaman Vətənə güvənirdi. Öz peşəsi ilə fəxr edirdi. Həmişə hərbçi paltarı geyinirdi”.

ravil Novruzov 5

ravil Novruzov1 

Anama deyin…

Aprelin 2-nə keçən gecə cəbhədə gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ravil  Elman oğlu Novruzov 1986-cı ildə sentyabrın 5-də Xızı rayonunun Giləzi kəndində  doğulub. Ailənin ikinci oğludur. Anası Nargilədən soruşuram. Sızıldayır, yanır , qovrulur nargilə ana. Nargilə ana ağlayanda , bir anda  1991-ci illərdən başlayaraq  Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfnlərində iştirak etdiyim Şəhidlərimizi xatırladım. O zaman anaların birindən oğlunu soruşanda, mənə belə demişdi:

Əzizim bala dağı,

Bağ dağı, bala dağı.

Hər dərddən betər olur,

Anaya, bala dağı.

Mən aşiq bağlamaqla,

Qan durmaz bağlamaqla.

Oğul dağı böyükdü,

Sağalmaz bağlamaqla.

Bir bilsəniz,  yaraları  isti olan bu şəhid analarından söz soruşmaq nə qədər çətindir. Ağırdır. Onların  göz yaşları ürəyimə axır, və ö ağrılardan, o acılardan, o dərdlərdən ürəyimdə 25 ildir ki,  əriş-arxac izlər açılıb.

Qara köynək…

Nargilə bacıdan oğlunu söruşuram:

– Ravilin 30 yaşı var idi. Toyuna hazırlaşırdım. Fikirləşirdim ki, daha bu il məcbur da olsa evləndirəcəyəm. Balalrıma fərq qoymuram.  Kənd adamıyıq. Uşaqlarımın hamısı zəhmətkeşdir. Ravil lap zəhmətkeş olub. Əsgəri xidməti başa vurandan sonra iki il Sumqayıtda şirkətdə mühafizə xidmətində işlədi. Bütün qazancını evə xərcləyirdi. Onun əli iş tutandan bəri, güzəranımız az-az yaxşılaşırdı. Bu həyətdə gördüyün  daş hasarı, evin qabağındakı artırmanı onun zəhməti hesabına başa gətirmişik.  Bağçada–bağda, o əkilən ağacların hər birində balamın əl izi, zəhməti var. Bu il martın 19-u bir də gördük ki, qonaq otağı və mətbəx üçün  stol və stül dəsti alıb gətirdi. Dedim ay bala, niyə əziyyət çəkirsən. Həmin mebellərini yasında işlətdim. Sonuncu dəfə  onların  hərbiçi dəstəsini  yaxınlığımızdakı hərbi hissəyə gətirmişdilər. İki gün keçmədi evə gəldi, dedi ki, 3-4 günlüyə bizi dərs keçməyə aparırlar. Dedim, ay bala nə çox dərs keçirlər. Həmin gün  dostunun maşınını özü sürüb gətirdi həyətə. Onu heç vaxt rol arxasında görməmişdim. Maşının qapısını açıb düşəndə, maşın açarları da əlində idi. Gördüm ki, balama  maşın elə gözəl yaraşır ki, gözümə şirin gəldi. Dedim ay oğul, sənə maşın nə qəşəng yaraşdı. Birini də sən al. Dedi , alacağam. Balamın çox arzuları var idi. Bizim hamımızın könlünü görürdü. Atasının, qardaşlarının, bacısının əyin-baş paltarlarını alırdı. Hamını sevindirirdi. Bir dəfə də hərbidən gəlib dedi ki, ana gözlərini yum, sənə sürpriz edəcəm. Bir də hiss etdim ki, boğazıma boyunbağı bağlayır. Qızıl  boyunbağı almışdı mənə. Sonuncu dəfə görüşümüzdə isə  mənə iki köynək gətirmişdi: biri xına rəngində, biri qara. Dedim ay Ravil, bu qaranı niyə almısan. Dedi ki, istəmirsənsə, aparıb verim xalama. Həmin köynəyi balamın yasında geyindim.

Aprelin 2-si Aygün dedi ki, ana, Qarabağda müharibə başlayıb. Ürəyim qırılıb ayaqlarımın altına düşdü. Ravilə zəng vurduq, zəng çatmadı. Kəndimizdən  olan  xüsusi təyinatlı dəstədə təlim keçən bütün cavanların evinə gedib soraqlaşdım. Dostu Xaliqgilin də qapısını döydüm. Dedilər, Xaliq yaralanıb qospitalda yatır. Xaliqə zəng vurdum, sən demə  ayağından yaralanan Xaliqi  döyüş meydanından çıxarıb, sonra, yenidən mövqeyə qayıdıb. Xaliq dedi ki, Ravil döyüş meydanındadır.

Ravil heç bizə sirr verməzdi. Deyirdim, ay bala işdə nə ilə məşğul olursan? Deyirdi dərs keçirik, idman edirik. Deyirdim ki, ay bala nə yaxşı işdir, qal işlə orada. Maaşı da yaxşıdır.  Çıxma o işdən.  Nə biləydim ki, balam  Vətənini azad etməyə hazırlaşır. Səhər saat 6-da onu yola salanda çıxdıq darvazaya, yolun yarısına qədər getmişdi ki, geri qayıdıb,  bankomat kartını mənə verib dedi ki, al bunu saxla. Dedim ay bala, sənin pul kartını neynirəm ki?! Dedi, ay ana, otaqlar üçün qapılar sifariş vermişəm, pulun yarısı qalıb, birdən qapını gətirib, məni evdə tapmazlar. Ona görə, burdan pulu çıxarıb siz verərsiniz ustaya. Sən demə oğlum bilirmiş ki, müharibə başlayır. Bilsəm ayaqlarına yıxılardım, yanımda saxlayardım. Amma fikirləşirəm ki, o Vətəni məndən çox sevirdi. Həmişə onunla fəxr edirdim. İndi lap çox fəxr edirəm. Hamı gələn onun şücaətindən danışır. Nə qədər dostları var imiş oğlumun.

– Nargilə bacı, Mehriban xanım Əliyeva şəhid analarına başsağlığı verdi. O məclisdə Siz də var idinizmi?

– Elin, obanın, Vətənin bu ağır günündə Mehriban xanım biz şəhid analarını başına topladı. Məni düz Mehriban xanımın yanında otuzdurdular. Əlimdən tutub, ovudru, ovundururdu məni, neçə dəfə üzümdən öpdü. Elə ağlayırdı ki… O boyda prezidentin xanımı mənə təsəlli verirdi. Gör oğlum məni hansı mərtəbəyə qaldırdı. Heç yatsam yuxuma da girməzdi ki, nə vaxtsa Mehriban xanımla üz-üzə gələcəyəm. Necə sadə xanımdır. Hamımıza dedi ki, Vətən torpaqlarını azad edəcəyik. Şəhid övladlarımızın qanı yerdə qalmayacaq.

  ravil Novruzov

 

Şəkli sinələrə qonan Ravil

 Onu da öyrəndim ki, Ravil Elman oğlu  Novruzovu  Giləzidəki kənd qəbirstanlığında torpağa əmanət edəndən sonra, onun təhsil aldığı  Mikayıl Müşviq adına orta məktəbin  şagirdlərini sinif-sinif  gənc şəhidin  bahar çiçəkləri ilə bəzənmiş məzarı üstünə gətirib, onun qəhrəmanlığından danışırlar.  Mikayıl Müşviq yurdunun  balaca məktəbliləri hətta Ravilə həsr etdikləri şerlərini də onun məzarı üstündə səsləndiriblər.  Məktəbin bütün şagirdləri Ravilin  şəklini sinələrinə vurublar, necə olsa da, Giləzi kəndinin ilk şəhidir Ravil Novruzov.

                                                            ******

Ravil Novruzovun 30 yaşı var idi. O ailə həyatı da qura bilərdi. Ancaq , görünür fikirləşirmiş ki, Vətən torpaqlarını azad edəndən sonra, ailə quracaq ki, onun övladı müharibə görməsin. Ravilin savaşı ən müqqəddəs savaş oldu, o bizə QƏLƏBƏ sevincini yaşatdı, o bizə sevinc və kədər içərisində Vətən üçün göz yaşı axıtmağın məqamını nəsib etdi.  Ravilin də saçlarının rəngi xınalı kəkliklərin  rənginə bənzəyirdi bir az.   Xızılı analar dözümlüdür, Xızı dağları kimi. Bu dağlar  neçə şəhid  , neçə qəhrəman qarşılayıb.

 

Ay dağlar , qoşa dağlar,

Verib baş-başa dağlar.

 Yol verin, balam gəlsin,

 Dönməyin daşa dağlar.

 

Kəkliyim pərən mənim,

Getdi bir dənəm mənim.

Ürəyim oğul dağlı,

Gözlərimdə nəm mənim.

 

Kəkliyim ötdü neylim,

Dumanda itdi neylim.

Arxasınca su atdım,

Dönmədi , getdi neylim

 

Xızı, 8-9 aprel, 2015.