XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

12 Aprel 2016 - 09:34

Neft yenidən ucuzlaşacaq-Mütəxəssilər belə deyir

Petrol görüşmeleri öncesi üretimler arttı

 

Neft hasılatı dondurmaq qərarı vermək üçün böyük istehsalçılarının keçirəcəyi toplantının yaxınlaşması ilə “qara qızılın” artan qiymətləri ABŞ-dan gələn bir “qara” xəbərlə yüksəlişini dayandırdı. Xəbərə görə, ABŞ Enerji İnformasiya İdarəsinin çərşənbə günü anbarlardakı neft ehtiyatıyla bağlı açıqlayacağı rəqəmlərin ötən həftəylə müqayisədə 1 milyon barrel artacağı gözlənilir. Bu isə ABŞ anbarlarındakı neft ehtiyatlarının 1930-cu ildən bu yana qeydə alınmış ən yüksək səviyyəsi deməkdir. Bazarlarda yenidən təklifin tələbi üstələyəcəyindən çəkinən neft alıcılarının indidən ehtiyatlı davranması qiymətlərə də mənfi təsir göstərib.

Strateq.az-ın məlumatına görə, ötən iki seansda 8.3% yüksəlişdən sonra qiymətlər bu xəbərdən sonra yenidən 0.6% ucuzlaşıb. Hazırda bir barrel Brent markalı neft 42.70 $ həndəvərində satılır.  

Dünyanın ən ciddi iqtisadi analizlərini verən qurumlar da qiymətlərin yenidən aşağı düşəcəyindən əndişəlidirlər.

İngiltərənin qlobal investisiya banklarından “Goldman Sachs” dünən yayınladığı "Doha hər dərdə dərman deyil" adlı hesabatında 17 aprel tarixində Qətərin paytaxtında keçiriləcək və ən böyük neft hasilatçılarından Rusiya və Səudiyyə Ərəbistanıyla yanaşı, 10-dan artıq ölkənin iştirak edəcəyi yığıncağı dəyərləndirərək, qiymətləri yüksəltmək üçün göstərilən səylərin nəticə verməyəcəyini bildirib. Bankın mülahizələrinə görə, yığıncaq iştirakçıları yekdil fikrə gəlib, hasilatı yanvar ayı səviyyələrində azaltsalar belə, istədikləri nəticəni əldə edə bilməyəcəklər: “Çünki OPEK və Rusiyadan başqa böyük neft hasilatçıları var və onlar hələ də hasilatı azaltmaq istəmirlər”.

 Melburndakı “IG Ltd.” şirkətinin analitiki Angus Nikolson da neftin qiymətlərinə bədbin baxanlardandır. Onun fikrincə, qiymətlərdə mülayim bir yeni tarazlaşmaq dövrü yaxınlaşır: “Ancaq neft “özünü aşa bilmiş” görünmür və mövcud göstəricilər 40 dolların üzərində bir qiyməti ağlasığan etmir. Baxmayaraq ki, Dohada keçiriləcək toplantıda istehsalçıların anlaşmaya varacaqlarıyla bağlı təxminləri neft birjalarında nikbin əhval ruhiyyə yaradıb."

Qeyd edək ki, neft qiymətləri son 12 ilin ən aşağı səviyyəsini gördükdən sonra, ABŞ-da istehsalın düşməsi və bunun izafi təklif yaradacağı gözləntisi ilə sıçrayış göstərmişdi. Bununla belə, 40 dollar civarında seyr edən qiymətlər də hasilatçıları qane etmir. Qiymətləri daha da yüksəltmək  üçün Rusiya hasilatı azaltmaq təklifi ilə OPEK-ə müraciət ünvanlamış və OPEK-in ən böyük hasilatçısı Səudiyyə Ərəbistanı bu təklifə isti baxsa da, bazarını itirə biləcəyi və atacaqları addımın işə yaramayacağı qorxusuyla şərt irəli sürmüşdü: İran daxil olmaqla, digər böyük istehsalçılar da bu qərara uymalıdır. Küveyt isə arzulanan nəticəyə Tehranın dəstəyi olmadan da varıla biləcəyini qeyd etmişdi.

Görünən budur ki, ABŞ-ın neft strategiyası və dünyanın aparıcı analitikləri də Səudiyyə Ərəbistanının tezisini dəstəkləyir.

Heydər Oğuz

Strateq.az