XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

16 Aprel 2016 - 09:21

Səudiyyə kralının iki qitəni birləşdirmək arzusu:5 milyard dollarlıq körpü

 

Səudiyyə kralı Ərəbistan yarımadasıyla Misiri bir-birinə bağlayan körpü tikdirmək istəyir. Faktiki olaraq həm də iki qitə-Avrasiya və Afrika arasında çəkiləcək həmin körpüyə, ilkin hesablanmalara görə, 5 milyard dollar sərf olunacaq.

Strateq.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı-Misir İqtisadi Əməkdaşlıq Məclisinin sədri Abdullah bin Məhfuz bildirib.

Məhfuz qeyd edib ki, inşası planlaşdırılan körpü Kral Salmanın adını daşıyacaq. Qitələrarası körpünün  Qırmızı dənizdə yerləşən Sanafir və Tiran adalarından istifadə edilərək, salınacağı bildirilir.

Qeyd edək ki, Sanafir və Tiran adaları Qırmızı dənizlə Akabe körfəzinin tam birləşdiyi nöqtədə yerləşir. Sina yarımadasının 6 km uzaqlığında yer alan Tiran və onun yanındakı Sinafir adası, Səudiyyə kralının Misirə son səfəri zamanı əldə olunan razılığa əsasən, Ərəbistana verilib. Rəsmi Riyad iki ərəb ölkəsi arasında ən yaxın məsafə olan bu məntəqədə körpü inşa edərək, Sina yarımadasını azad iqtisadi zonaya çevirmək istəyir. Salınacaq körpünün uzunluğu 15 km olacaq.

Bu, təbii ki, Səudiyyə kralının arzusudur. Onun öz adını əbədiləşdirmək niyyətinin baş tutub-tutmayacağı isə bəlli deyil.

Əvvəla, ona görə ki, adaların Səudiyyə Ərəbistanına verilməsi Misir əhalisinin ciddi qəzəbinə səbəb olub. Hətta Sisi hakimiyyətini indiyə qədər dəstəkləyən qruplar belə razılaşmaya imza atan Qahirəni dövlət ərazisini satmaqda ittiham edirlər. Sisi diktaturasının represiyalarına baxmayaraq, misirlilər bu hadisəylə barışmaq istəmir, kütləvi etiraz aksiyaları keçirirlər. İndiyə qədər 5000-dən artıq adamın etiraz aksiyalarında iştirak etdiyinə görə tutulduğu xəbər verilir. Vəziyyətin getdikcə gərginləşəcəyindən ehtiyat edilir.

İkincisi, beynəlxalq sazişlərə əsasən, yarımadaların Səudiyyə Ərəbistanına verilməsinə İsrail də razı olmalıdır. Rəsmi Təl-əvivin mövqeyinin necə olacağını və verəcəyi qərarda hansı məqsədləri güdəcəyini isə özündən başqa heç kim bilə bilməz.

Körpünün inşa ediləcəyi Tiran boğazı İsraili Qırmızı dənizə çıxaran yeganə su dəhlizi olaraq  tanınır. Ölkənin Uzaq Şərqə və Afrikaya açılan bu qapısı həm də onun dəniz ticarətinin əsas kilid nöqtəsidir. İsrailin bu boğaza nə qədər əhəmiyyət verdiyini yəhudilərin tam və qəti qələbəsi kimi tarixə düşən altıgünlük müharibənin səbəblərindən birinin də məhz onunla bağlı olması aydınlaşdırır.

Məlumata görə, 1950-ci ildə Səudiyyə Ərəbistanı tərəfindən daha yaxşı qorunması üçün Misirə verilən bu adalardan daha sonra Qahirə  İsrailə qarşı strateji silah kimi istifadə etməyə çalışıb. 23 May 1967-ci ildə dövrün Misir prezidenti Nasirin Tiran boğazını İsrail gəmilərinə bağladığını elan etməsi münasibətləri daha da gərginləşdirir və bu gərginliyə digər ziddiyyətlərin əlavə olunması altıgünlük müharibənin başlanmasına yol açır.

 Həmin müharibədən, təxminən, 15 il sonra Misir ilə İsrail arasında bağlanan sazişə əsasən, İsrail işğal etdiyi Sina yarımadası və haqqında söhbət açdığımız adalardan çəkilsə də, Akabe körfəzinə nəzarət əksəriyyəti ABŞ əsgərlərindən formalaşan çoxmillətli sülhməramlı qüvvələrə verilir.  “Əl-Əhram” qəzetinin iddiasına görə, həmin sazişdə adaların hansısa dövlətə verilməsinin İsrail parlamenti Knesset tərəfindən təsdiqlənməsi şərti mövcuddur.

Görünür, bu şərti nəzərə alan rəsmi Riyad indidən Nasirin səhvini təkrarlamayacağına-Akabe körfəzini İsrailin üzünə bağlamayacağına yazılı zəmanət verə biləcəyini dilə gətirib. İsraillilərin ərəb yazısını oxuya bilib-bilmədiyini hadisələrin inkişafı müəyyənləşdirəcək.

Heydər Oğuz

Strateq.az