XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2015 - 07:22

Müxalif liderlər I Avropa Oyunları barədə nə düşünür? – Açıqlamalar

Birinci Avropa Oyunlarının açılışına 11 gün qalıb. Artıq bu böyük tədbirlə əlaqədar xarici ölkələrdən turistlərin Azərbaycana axını başlayıb. Bütün dünya mediasının diqqətini Azərbaycana yönəldəcək Avropa Oyunlarının dövlətimiz üçün əhəmiyyəti nədən ibarətdir?

AzNews.az bu dəfə müxalif yönümlü bəzi siyasilərin fikirlərini öyrənib:

Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun sözlərinə görə, 1-ci Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın inkişafına yaxşı təkan ola bilər:”Mən Azərbaycan idmançılarına uğurlar arzulayıram. Arzu edirəm ki, Azərbaycan idmançılarının sorağı başqa ölkələrdən gəlsin. İnanıram ki, bu Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın gələcək inkişafına təkan verəcək. Amma bir şərtlə ki, bundan yaxşı istifadə etmək lazımdır”.

Milli Şuranın sədri Cəmil Həsənlinin fikrincə, Avropa Oyunları Azərbaycan idmançıları üçün yaxşı imkanlar aça bilər: “Avropa Oyunlarının tövhəsi o zaman ola bilər ki, Azərbaycan idmançılarımız yaxşı çıxış eləsin. Arzu edirəm ki, Azərbaycan idmançılarımız bu oyunlarda ən yüksək yeri tutsun”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir ki, birinci Avropa Oyunları siyasi arenada Avropa dövlətləri ilə müəyyən əlaqələrin qurulmasına yol aça bilər: “Yaxşı təşkil olunarsa, çox şeylər gözləyirəm. Avropa Oyunlarının Azərbaycana iqtisadi səmərəsi böyük olacaq. Qoyulan xərcləri çıxarmaq baxımından turistlər Azərbaycana gələcək. İkincisi, Avropa dövlətləri ilə siyasi çevrədə müəyyən əlaqələrin yaxşılaşmasına gətirib cıxaracaq. üçüncüsü, Azərbaycan idmançılarının burada öz evləri olduğu üçün böyük uğurlar göstərə bilər, bu da Azərbaycanı idman sahəsində irəli apara bilməsi deməkdir”.

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temurxan isə vurğulayır ki, bu oyunlar daha çox mədəniyyətimizin təbliği baxımından əhəmiyyətlidir: “Bu tədbirin Azərbaycan mədəniyyətinin təbliğ olunmasında, tanıdılmasında müstəsna rolu olacaq. Azərbaycan idmançıları nəyə qadirdirlər, onu da nümayiş etdirəcəklər. Onu da deyim ki, əgər Azərbaycan siyasi islahatlar etsəydi, bu Avropa Oyunlarının ölkəmiz üçün daha böyük əhəmiyyəti olardı”.

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər isə qeyd edir ki, Avropa Oyunlarının təşkili ilk növbədə Azərbaycan dövləti üçün təcrübə qazandırır: “Bu oyunlar gələcəkdə idman yarışları, mədəniyyət tədbirlərinin keçirilməsinə yol aça bilər. Əgər bu yarış yaxşı təşkil olunarsa, bütün dünyada, eləcə də beynəlxalq aləmdə Azərbaycana müsbət rəy gətirə bilər. Bu oyunlar ərəfəsində bütün dünyanın diqqəti Azərbaycanda olacaq. Olanlar dünya mətbuatında əks olunacaq. Bunu nəzərə alıb götür-qoy etmək lazımdır. Mən istəyirəm ki, belə tədbirlər ölkəyə xeyir gətirsin”.