Avropa Birliyinə (AB) üzv olan ölkələr offşor firmalarla əlaqədar məlumatların mübadiləsi məsələsində razılığa gəliblər.
Strateq.az xəbər verir ki, bu qərar Hollandiyanın paytaxtı Amsterdamda təşkil edilən AB maliyyə nazirlərinin qeyri-rəsmi toplantısında qəbul olunub.
Məlumatı təsdiqləyən Niderland Maliyyə naziri və Avro Qrupunun sədri Jeroen Dijsselbloem sözügedən firmalara bağlı məlumatların ilk etapda sınaq məqsədilə paylaşılacağını bildirib.
“Panama sənədləri”nin vergi qaçaqçılığıyla mübarizəyə yeni vüsət verəcəyinə inanan Dijsselbloem AB üzvləri arasında informasiya mübadiləsinə tam olaraq nə vaxt başlayacağının isə müəyyənləşdirilmədiyini etiraf edib.
Terrorizmin maliyyələşdirilməsinin qarşısını almaq məqsədiylə verilən bu qərardan effektli istifadə ediləcəyini vurğulayan nazir Avropada vergi qaçaqçılığına qarşı tədbirlərin görülməsinin vacib olduğunu dilə gətirib.
Qeyd edək ki, "Panama sənədləri" adıyla mətbuata sızdırılan məlumatlarda xeyli hüquqi və fiziki şəxsin vergi qaçaqçılığı, çirkli pulları yumaq, beynəlxalq sanksiyaları pozmaq məqsədiylə offşor şirkətlər və hesablar üzərindən maliyyə əməliyyatı apardıqları ifşa edilir. Vergi ödəməmək ya da aşağı faizlə ödəmək üçün xaricdə qurulan offşor şirkətlərə maliyyə aktivlərinin istiqamətləndirilməsi ölkələrin iqtisadi inkişafının da qarşısını alır.
Sızdırılan sənədlərdə aralarında dövlət başçılarının olduğu 100-dən çox siyasətçinin, bir sıra qlobal şirkət və məşhur şəxslərin da adı çəkilir.
Sənədlərin sızdırılmasının qlobal təsirləri artıq özünü göstərməyə başlayıb. İslandiya baş naziri David Gunnlaugssonu “Panama sənədləri”nin ilk qurbanlarından saymaq olar. Sabiq baş nazir məhz bu sənədlər açıqlandıqdan sonra istefaya getdi.
AB maliyyə nazirlərinin informasiya mübadiləsi barədə qərar qəbul etməsi “Panama sənədləri”nə görə hələ çox qurbanların olacağından xəbər verir.