XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2015 - 05:56

Səfirin bir statusunun “yanğı”sı – Novruzov “erməni” dedi, səfir “böhtan” saydı – Qalmaqal

İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbəri Arif Məmmədov barəsində deyilənlərə qısa münasibət bildirib.

Strateq.az xəbər verir ki, diplomat “a24.az”ın əməkdaşına deyib ki, barəsində yazılanlar böhtandır: “Böhtandır və heç bir həqiqəti əks etdirmir. Hazırda tədbirdəyəm. Sonra ətraflı danışacam”.

Xatırladaq ki, A. Məmmədov “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazdığı statusunda Binəqədi rayonunda hündürmərtəbəli binada yanğını nəzərdə tutaraq baş verən hadisəyə görə məmurların ünvanına kəskin ittihamlar qeyd edib.

Buna isə reaksiyalar gecikməyib. Məsələn, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov “Trend”ə deyib: “Uzun müddət Azərbaycanın Avropa İttifaqında nümayəndəliyinin rəhbəri, Avropa Şurası yanında daimi nümayəndəsi, indi isə İslam Əməkdaşlıq Təşkilatı yanında nümayəndəsi Arif Məmmədov Azərbaycan xalqına qarşı hörmətsizlik edib. Buna görə də, o, dərhal tutduğu vəzifədən geri çağırılmalı və ona verilən bütün diplomatik titullar alınmalıdır”.

S.Novruzov bildirib ki, qanında, canında azərbaycanlı qanı olan bir insan bu cür həqarətlə azərbaycanlıları, öz ölkəsini, öz millətini təhqir edə bilməz: “Bu adamın qanında erməni qanı var. O deyir ki, “3 gün Azərbaycanda qaldım, mən qocaldım”. 20 il Azərbaycanın dövlət vəsaiti hesabına, Azərbaycan vətəndaşlarının verdiyi vergilər hesabına 100 min avrodan bahalı maşında gəzən, uşaqlarını bahalı məktəblərdə oxutduran, ailəlikcə müxtəlif istirahət mərkəzlərində dincələn və Azərbaycan Respublikasından əməkhaqqı alan bu adam Azərbaycan haqqında belə söz deyirsə, o, yalnız erməni ola bilər”.

Millət vəkili deyib ki, bu cür adamın diplomatik vəzifədə çalışması Avropa Şurası, Avropa Parlamenti tərəfindən anti-Azərbaycan bəyanatlarının yayılmasının başında kimin durduğunu bəlli edir: “Bu adam özü Azərbaycan haqqında bu cür düşündüyü halda Avropa İttifaqında, Avropa Şurasında Azərbaycan haqqında hansı təbliğatı apara bilər? Avropadan gələn bütün insanlar, turistlər, beynəlxalq tədbirlərdə iştirak etmək üçün gələn dövlət adamları, prezidentlər Azərbaycanın nə qədər inkişaf etdiyini, Bakının, Azərbaycanın regionlarının nə qədər gözəlləşdiyini qeyd etdikləri halda, Azərbaycanın səfiri burada 3 gün yaşayanda qocalmağı barədə bəyanat yayır. Azərbaycanın sosial-iqtisadi inkişafını, Azərbaycanda tikilmiş üç mindən artıq məktəbi, 500-dən artıq uşaq bağçasını ya bunun gözü görmür, ya da görmək istəmir, çünki qanında erməni qanı var”.

S.Novruzov qeyd edib ki, A.Məmmədovun Azərbaycan haqqında çıxışı Zori Balayanın çıxışı ilə eynidir: “Bu düşüncənin sahibi ancaq erməni ola bilər. Buna görə də, o, dərhal geri çağırılmalı, tutduğu vəzifədən azad edilməli və ona verilmiş bütün diplomatik rütbələr əlindən alınmalıdır”.

Qeyd edək ki, məsələyə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Arif Məmmədov tərəfindən sosial şəbəkədə yazılmış statusla bağlı KİV-də gedən məlumatları APA-ya şərh edərkən deyib: “Biz məlumatla tanış olduq. Xarici İşlər Nazirliyinin daxili prosedurlarına uyğun olaraq, məsələ tam şəkildə araşdırılacaq. Məlumat öz təsdiqini taparsa, bu, diplomat adına və adi etik qaydalara yaraşan hal deyil, qəbuledilməzdir, məsuliyyətsiz və qeyri-peşəkar davranışdır”.

Strateq.az