XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 May 2016 - 16:33

“Köçəryan Ter-Petrosyan üçün daha qorxulu fiqurdur” –Sabiq prezidentin Qarabağa gəlişinin pərdəarxası

petrosyan

Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan Dağlıq Qarabağa gəlməsi xeyli suallar yaradıb.

Strateq.az xəbər verir ki, bu barədə fikirlərini bölüşən ekspert Elxan Şahinoğlu deyir ki, Levon Ter-Petrosyan hazırki prezident Serj Sərkisyanla müvəqqəti ittifaqdadır:

"Bu ittifaq hər ikisi üçün taktiki xarakter daşıyır. Keçmiş dövlət başçısı Robert Köçəryan Ter-Petrosyan üçün daha qorxulu fiqurdur. Levon Ter-Petrosyan Köçəryana qarşı Sərkisyanla mövqelərini yaxınlaşdırıb, ancaq bir müddət sonra bu ittifaq da dağılacaq. Hələliksə Levon Ter-Petrosyan Xankəndinə gəlməklə Sərkisyanın mövqelərini gücləndirməyə çalışır. Ancaq eks-prezident onu da yaxşı bilir ki, Sərkisyanın siyasi karyerasının sonu yaxınlaşır və onu xilas etmək praktik baxımdan mümkün deyil. Levon Ter-Petrosyan Sərkisyanın dəstəyi hesabına öz reytinqinı qaldırmaq istəyir. Dağlıq Qarabağa səfər də bu reytinq siyasətinin tərkib hissəsidir".

Elxan Şahinoğlu bildirir ki, Serj Sərkisyan da Ter-Petrosyandan öz məqsədləri üçün istifadə etmək istəyir:

"Sərkisyan Dağlıq Qarabağ məsələsində Levon Ter-Petrosyandan dəstək gözləyir. Sərkisyanın Dağlıq Qarabağla bağlı planı yoxdur, Azərbaycanın mülki əhalisini hədəf almaq planı da işə yaramadı. Ona görə də Sərkisyan Qarabağ məsələsində Ter-Petrosyandan konsensus gözləyir. Çünki, Sərkisyan Dağlıq Qarabağla bağlı təkbaşına qərar vermək istəmir. Bu, onun üçün böyük yükdür. Ancaq, məncə Ter-Petrosyanın da hələ ki, Qarabağla bağlı yeni fikri yoxdur.

İnanmıram ki, Levon Ter-Petrosyan yaxın günlərdə “Ermənistan problemi həll etmək üçün Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmalıdır” fikrini dilə gətirsin. Bunu Levon Ter-Petrosyana, eləcə də indiki prezident Serj Sərkisyana Azərbaycan ordusu döyüş meydanında növbəti uğurları ilə dedizdirtməlidir".