XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

03 May 2016 - 19:40

Elçin Qurbanov:“Ölkəni tərketmə məhdudiyyəti iş adamlarını çökdürə bilər”

“Borcları olan bəzi iş adamlarının ölkəni müvəqqəti tərk etmək hüququ məhkəmə qərarı ilə məhdudlaşdırılıb. Amma bunun pozitiv və neqativ tərəfləri var”.

Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Elçin Qurbanov deyib.

Qeyd edək ki, bir müddət əvvəl Vergilər Nazirliyi 216 nəfər fiziki şəxsin vergi borcuna görə ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırıldığını bildirmişdi. Nazirliyin bildirdiyinə görə, vergi borcunu tam ödəməyənə kimi, bu şəxslərin ölkədən çıxmasına icazə verilməyəcək.

Bunun nə qədər qanuna uyğun olub-olmadığı barədə sorğumuzu cavablandıran Elçin Qurbanovun fikrincə, əslində borclara görə vətəndaşların sərbəst hərəkətinin məhdudlaşdırılmasına Konstitusiya yol vermir: “Konstitusiya hüquqlarının pozulması barədə məsələləri məhkəmələr həll edir. Bütün dövlət orqanları konstitusiya əsasında və hədlərində fəaliyyət göstərə bilərlər. Konstitusiya müddəaları ilə ziddiyyət təşkil edən istənilən qanunvericilik aktı etibarsız sayılır. Çünki Konstitusiya ölkə ərazisində ən ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Belə məhkəmə hökmü vətəndaşların azadlıq hüququnun məhdudlaşdırılması kimi xarakterizə oluna bilər”.

Ekspertin fikrincə, Konstitusiyanın 28-ci maddəsinin II bəndində təsbit edildiyi kimi, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırılır: “Əsasən cinayət tərkibi doğuran hərəkətlər qanunla sübut edilərsə, məhkəmənin qüvvəyə minmiş hökmü əsasında məhdudiyyətlər tətbiq olunmalıdır. Mülki işlər, iqtisadi mübahisələr üzrə hər hansı münasibətlər cinayət tərkibi doğurmamışsa, azadlıq hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz”.

Konstitusiyanın vətəndaş vəzifələrinin əsaslarını müəyyən etdiyini deyən ekpert Əsas qanundan sitat gətirdi:

“Maddə 72: Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız  Konstitusiya ilə və ya qanunla qoyula bilər”.

Bu məsələdə məhkəmələrin müstəqilliyi, ədalətliliyi, obyektivliyi və eyni zamanda ədalət mühakiməsinin bütün prinsiplərinin gözlənməli olduğunu bildirən ekspert çox zaman məhkəmələrin iddialara qiyabi qaydada baxmasını və qərar çıxarmasını da düzgün hesab etmir: “Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 9.3.-cü maddəsinə əsasən məhkəmə tərəfindən bütün hallarda çəkişmə prinsipi təmin olunmalıdır. Bu prinsiplər bütün prossesual hüquqlara aiddir. Təəssüflər olsun ki, bir çox hallarda tələb yönəldilən tərəfin prossesdən heç xəbəri də olmur. Belə hallar cəmiyyətdə yerli məhkəmələrə inamı sarsıdır. Ona görə də problemlərin həllində vətəndaşlar başqa yollardan istifadə etməli olurlar”. 

Qanunvericilikdə nəzərdə tutulan borclara görə ölkəni tərk etmə qadağasının yalnız əcnəbilərə şamil ediləcəyinə inanan ekspert öz vətəndaşlarımızın hüquqlarının bu şəkildə məhdudlaşdırılmasının yaradacağı iqtisadi problemlərdən də danışdı: “Vergi və kredit borclarına görə ölkədən çıxışın məhdudlaşdırılması iş adamlarına ciddi zərbələr vura bilər. Əgər vətəndaş müvəqqəti olaraq ölkə ərazisindən kənara gedirsə və bu işgüzar fəaliyyətlə bağlıdırsa, iqtisadi gözləntiləri nəzərə alaraq, müstəsna hal kimi güzəştlər tətbiq edilməlidir. Ola bilsin ki, fiziki şəxsin sahibkarlıq fəaliyyəti idxal və ixrac əməliyyatları ilə bilavasitə bağlıdır. Belə vəziyyətlərdə şəxsin sərbəst hərəkətini və mülki hüquqlarını məhdudlaşdırmaq onun işgüzar fəaliyyətinin qarşısını almaq deməkdir. Digər tərəfdən isə mövcud iqtisadi amillərə görə şəxsin müflisləşmə riskləri nəzərə alınmaqla, borcların alınma növbəliliyi təmin edilməlidir. Bu qayda daha  rasional hesab oluna bilər. Hesab edirəm ki, indiki şəraitdə dövlət sahibkarların davamlı fəaliyyətini təminat altına almağa çalışmalıdır. Sahibkarlar güzəşt və qayğı hiss etməli və daha məsuliyyətli olmalıdırlar”.

Bir çox işbazların Konstitusiyanın vətəndaşlara verdiyi azadlıq hüququndan sui-istifadə hallarının ola biləcəyini də istina etməyən ekspert yalnız bu hal sübuta yetirilərsə, müvafiq məhkəmə hökmlərinin verilməsinə ehtiyac yaranacağını bildirdi.

Zaman-zaman bankların borcunu ödəmə qabiliyyəti olmayan vətəndaşlara qarşı ifrat tələblər irəli sürdüyünü bildirən E. Qurbanova görə, bu kimi hallar əksər hallarda ictimai bəlalar doğurur: “Cəmiyyətdə geniş yayılan intihar hadisələri və ailə münasibətlərinin davamsızlığı çox zaman bu kimi hadisələrin nəticəsində baş verir”.