XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 May 2016 - 11:56

ABŞ-ın Jirnovskisi prezidentliyə bir addım da yaxınlaşdı

 

Trump'un seçilme ihtimali Kanada'ya göçe ilgiyi arttırdı

Hər ölkənin öz Jirnovskisi var. ABŞ-ın Jirnovskisi də milyarder Donald Trampdır.

Taleyə bax ki, qeyri-adi çıxışlarıyla həmişə gündəmdə qalmağı, ciddi mübahisələrə yol açmağı bacaran bu adam indi ABŞ-a rəhbərlik edə bilər. ABŞ-a rəhbərlik həm də dünyaya rəhbərlik anlamına gəldiyindən Donald Trampın prezident seçilib-seçilməyəcəyi bütün bəşəriyyəti düşündürür.

Strateq.az xəbər verir ki, Respublikaçılar partiyasının ən güclü namizədi olaraq ön plana çıxan bu adam namizədlik yarışında əksər rəqiblərini oyundan kənar vəziyyətə salıb. Son ciddi alternativi Ted Kruz da artıq namizədlik yarışını buraxaraq estafeti ABŞ-ın Jirnovskisinə ötürüb.

Ted Kruzun bu addımı atmasının səbəbi İndiana əyalətindəki ön seçkilərdə rəqibinə uduzması olub. Ön seçkilərin nəticələri bəlli olunca Kruz kampaniyasını başa çatdırdığını bildirərək geri çəkilib: "Zəfərə doğru gedə biləcəyim yol qaldıqca davam edəcəyimi söyləmişdim. Bu gecə bu yolun bağlandığını kədərlənərək sizə çatdırıram."- Kruz bu sözləri öz tərəfdarlarıyla görüşündə bildirib. Daha sonra isə əlavə edib:

"Əlimizdən gələni etdik, ancaq seçicilər başqa bir yola üstünlük verdilər. Üzgün, ​​amma sərhədsiz bir optimizmlə ölkəmizin uzunmüddətli gələcəyi üçün kampanyamızı dayandırırıq".

Kruzun etiraf etməkdən çəkinmədiyi bu kədəri səbəbsiz deyil. Məlumata görə, İndiana əyalətində keçirilən ön seçimdə səslərin təxminən 53%-ni alan Tramp 37%-lə kifayətlənməli olan Kruzu əzici bir qalibiyyətlə udub. Respublikaçılar partiyasının üçüncü namizədi Ohio valisi Con Kasiç isə sadəcə 7% səs ala bilib.

Beləcə, Trampın namizədliyi, hardasa, qətiləşib. İndi onun 7 iyun tarixində Koliforniyada keçiriləcək ön seçkiləri gözləməsi qalıb. Böyük ehtimalla da bu seçkilərdə də Tramp ola lazım olan səsləri qazana biləcək. Ona görə ki, Trampın qarşısında indi tək bir namizəd-heç bir şansı olmayan Kasiç dayanır və hər hansı bir iddiaçının prezidentliyə namizəd olması üçün 1 237 pespublikaçı nümayəndənin səsini  qazanması lazımdır. Kasiçin isə indiyə qədər cəmi 153 nümayəndə dəstəkləyib. Bundan sonra onun 1180 nümayəndənin səsini toplaması qeyri-mümkün görünür. Hətta indiyə qədər 565 nümayəndənin dəstəyini alan Ted Kruz belə, Kasiçdən təxminən 4 dəfə artıq səs qazanmasına  baxmayaraq, Trampın önündə uduzacağının qaçılmaz olduğunu nəzərə alıb dünən estafetdən çəkildi.

Trampın aktivində 1041 səs var. Yəni onu namizədlikdən ayıran faktor heç 200 səs belə etmir. ABŞ-ın Jirnovskisinin ehtiyac duyduğu bu səsləri (194) Koliforniya nümayəndələrindən toplaya biləcəyi isə şübhə doğurmur. Çünki, Koliforniya respublikaçı nümayəndələrin ən çox olduğu ştatlardan sayılır.

İslama qarşı çıxışları, kəskin üslubu ilə seçilən bu adamın Ağ evdə oturmasının dünyadakı bir sıra balansları yerindən oynadacağı güman olunur. Xüsusilə də müsəlman ölkələrin ABŞ-ın Jirnovskisindən çəkindikləri sirr deyil. Xatırlayırsınızsa, Tramp Səudiyyə Ərəbistanını sağlam inəyə bənzətmiş, südü quruyunca onu kəsib yeyəcəklərini bildirmişdi. Dünyada neftin qiymətlərinin kəskin şəkildə ucuzlaşması Səudiyyə Ərəbistanının “südünün kəsilməsi” deməkdir. Trampın prezident seçiləcəyi və sözünün üstündə duracağı təqdirdə, ilk yemin Səudiyyə krallığı ola biləcəyi ehtimal var.

Bununla, bəzi müşahidəçilər Jirnovski xarakterli Trampın bu mərtəbəyə yüksələ biləcəyinə şübhə ilə baxırlar. Onların fikrincə, ABŞ-ın növbəti rəhbərinin yenə demokratlar arasından çıxması, daha konkret desək, Hilari Klintonun ilk qadın prezident kimi ölkə tarixinə adını yazması gözlənilir.

Heydər Oğuz

Strateq.az