XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

04 May 2016 - 13:20

Bayram Səfərov:“Lazım gələrsə, Xankəndinə zərbə endiriləcək”

Bayram-Seferov-16

“Azərbaycan ordusu 1-3 aprel tarixlərində hücum etməyib, Ermənistan ordusunun hücumuna əks-həmlə ilə cavab verib. Gələcəkdə Ermənistan ordusu hücum edərsə, yenə adekvat cavab veriləcək. Lazım gələrsə, Xankəndinə belə zərbə endiriləcək”.

Bunu APA-ya açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib.

B. Səfərov deyib ki, aprel hadisələri dövründə 15 yaşlı uşaqlar belə könüllü cəbhəyə yollanmaq üçün müraciət ediblər: “Xalqımız torpaqlarımızın azad edilməsini istəyir. Beynəlxalq hüquqa görə Azərbaycanın torpaqlarını işğaldan azad etmək, torpaqlarını işğalçı ordudan, quldur dəstələrindən azad etmək hüququ var. Azərbaycan dövləti, ordusu nə vaxt istəsə, bu addımı ata bilər”.

Sabah Ermənistan parlamentində qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması məsələsinin müzakirəyə çıxarılmasına gəlincə, B. Səfərov qeyd edib ki, bu, Ermənistan tərəfindən növbəti təxribatdır: “Həmişə belə təxribatlara əl atıblar. Ermənistandakı rejim çətin duruma düşəndə, iç üzləri açılanda, həmişə təxribatlara əl atır. Bu da belə təxribatlardan biridir. İkincisi, Ermənistan parlamentinin qondarma “DQR”i tanıyıb-tanımaması heç nəyi dəyişməyəcək. Həm də Ermənistan parlamentinin Dağlıq Qarabağla bağlı hansısa məsələni müzakirəyə çıxarmaq hüququ yoxdur. Bütün dünya Dağlıq Qarabağın və ətrafdakı 7 rayonun Azərbaycan torpaqları olduğunu qəbul edir. Ermənistan bu addımı atsa belə, bunun bir əhəmiyyəti olmayacaq. Ona görə də Ermənistan bu gülünc təxribatı ilə sadəcə, dünyada özünü növbəti dəfə biabır etməkdən başqa heç nə qazana bilməyəcək”. 

Ermənistan parlamentinin qondarma DQR-i tanımasının münaqişənin sülh yolu ilə həlli ilə əlaqədar danışıqların dayanmasını təsir göstərə biləcəyinə gəlincə, B. Səfərov Ermənistanın Azərbaycanla müharibə etmək gücü və qabiliyyətinin olmadığını vurğulayıb. O, Birinci Qarabağ Savaşında Azərbaycanın nizami ordusunun olmadığını xatırladıb: “Bu gün Azərbaycanın güclü ordusu var və gücünü ortaya qoyur. Lazım gələrsə, Azərbaycan öz ərazisini işğaldan azad edəcək. Azərbaycana başqalarının torpaqları lazım deyil. Ermənilər onu da gözəl bilirlər ki, Dağlıq Qarabağ Qarabağ xanlığının, bu gün yaşadıqları torpaqlar İrəvan və Naxçıvan xanlığının torpaqlarıdır. Qarabağ bizimdir, bizim də olacaq”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (LaçınKəlbəcərAğdamFüzuliCəbrayılQubadlıZəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPAATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.