“Əsəd bizim müttəfiqimiz deyil. Bəli, onu terrorla mübarizədə və Suriya dövlətinin qorunmasında dəstəkləyirik. Amma bizim aramızda Türkiyə – ABŞ əlaqələri qədər yaxınlıq yoxdur".
Strateq.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Sputnik”-ə müsahibəsində Lavrov həmçinin Cenevrə danışıqlarına da münasibət bildirib. Onun fikrincə, bu ay yenidən başlanması gözlənilən danışıqlar üçün lazımı şərtlər formalaşmayıb: "Bu şərtlərin ortaya çıxmamasının əsas səbəbi başda Türkiyə olmaqla, bir sıra xarici qüvvələrin təsirində qalan Yüksək Müzakirə Komitəsinin kaprizləridir."
Lavrova görə, PYG-nin müzakirə prosesinə qatılmasına da Türkiyə mane olur: "Halbuki, PYG terroristlərə qarşı döyüşən və Suriyanın böyük bir hissəsini nəzarət edən ən geniş kürd partiyalarından biridir. Bu səbəbdən də PYD olmadan, konstitusiya (Suriyanın yeni konstitusiyası) və yaradılacaq müvəqqəti hökumət barədə danışmağın heç bir mənası yoxdur".
Müşahidəçilər Rusiya xarici işlər nazirinin bu fikirlərini Bəşər Əsədi hərraca çıxarmaq niyyəti kimi yozurlar. Görünən budur ki, Rusiya Bəşər Əsədin müqabilində çox şey istədiyindən, danışıqlar hələ də istənilən səviyyədə baş tutmur.