XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2015 - 07:29

Türkiyəni AKP-HDP ittifaqı idarə edə bilər

Türkiyədə bazar günü keçirilən parlament seçkiləri AKP-nin 13 illik təkbaşına iqtidar dövrünün başa çatması ilə nəticələnib və eyni zamanda siyasi xaos ehtimalını artırıb.

Virtualaz.org saytı xəbər verir ki, seçkilərin hələlik rəsmi olmayan nəticələri əsasında aparılmış təhlillərə görə bir-biri ilə barışmaz ziddiyətlər içərisində olan dörd partiyanın hansı formatda koalision hökumət qura biləcəyi hazırda ən başlıca sualdır.

Seçkilərin nəticələrinə əsasən AKP 40,81 faiz, CHP 25,01 faiz, MHP 16,34 faiz, kürd partiyası HDP isə 13,05 faiz səs alıb. Parlamentdə yerlər 4 partiya arasında bu cür bölüşdürülüb: AKP – 258, CHP – 133, MHP – 80, HDP – 80 millət vəkili.

Beləliklə, AKP təkbaşına hökumət formalaşdıra bilməyəcək və Türkiyəni koalision hökumət idarə edəcək. Əgər koalision hökuməti formalaşdırmaq mümkün olmasa və yeni seçkilər təyin edilməsə.

Əgər müxalifət partiyaları AKP-ni hakimiyyədən uzaqlaşdırmaq istəsə, o zaman CHP-MHP-HDP koalision hökuməti ilə bu mümkün ola bilər. Lakin bu variantı bəribaşdan istisna etmək olar. çünki millətçi partiyanın Türkiyəni bölməyə çalışan və PKK terror təşkilatının siyasi qanadı olan HDP ilə ittifaqa girməsi heç nəzəri baxımdan da mümkün deyil.

Beləliklə, parlamentdə hakim çoxluğu formalaşdırmaq üçün istənilən halda 3 müxalifət partiyasından biri AKP ilə koalisiyaya girməlidir.

Bəs müxalifət partiyalarından hansının AKP ilə ittifaqa girməsi ehtimalı yüksəkdir?

Hələlik MHP, CHP və HDP liderləri seçkilərin nəticələrini təhlil etməklə məşğuldur. Dövlət Baxçalı, Kamal Kılıcdaroğlu və Səlahəddin Dəmirtaş mümkün koalisiya variantlarına dair rəsmi mövqelərini bildirməyiblər. Buna baxmayaraq Baxçalı jurnalistlərin suallarına cavab olaraq deyib ki, onun fikrincə, ən ağlabatan koalisiya AKP ilə HDP arasında mümkün ola bilər. çünki AKP kürdlərlə barışıq prosesini başladıb və illərdir PKK ilə danışıqlar içərisindədir.

D.Baxçalının fikrincə, əslində AKP və HDP gizli müttəfiqlərdir və indi onlar barışıq prosesini davam etdirmək üçün öz aralarına koalision hökumət qura bilərlər. MHP lideri partiyasının koalision hökumət formullarında yer almaq niyyətində olmadığını deyib.

Əslində AKP-HPD ittifaqı doğrudan da ən ağlabatan variantdır. çünki AKP-nin 2002-ci ildə hakimiyyətə gəlişində və təkbaşına hökumət formalaşdırmasında kürd elektoratının dəstəyinin mühüm rolu olub. AKP millət vəkillərinin içərisində həmişə onlarla kürd yer alıb. Ərdoğan əvvəldən kürdlərlə barışıq prosesinin və PKK terror təşkilatı ilə qarşıdurmanın dinc yollarla aradan qaldırılmasının tərəfdarı kimi çıxış edir. Məhz onun hakimiyyəti dövründə ilk dəfə Türkiyə dövləti ilə PKK arasında Abdullah öcalanın da cəlb olunduğu danışıqlar prosesi başlayıb.

AKP hökuməti ölkənin cənub-şərq bölgələrinin sosial-iqtisadi inkişafı üçün proqramlar həyata keçirib, Türkiyədə kürdlər heç vaxt özlərini AKP iqtidarı dövründə olduğu qədər güclü hiss etməmişdi.

Kürdlərlə barışıq prosesi hələ tamamlanmasa da bir ildən çoxdur PKK ilə atəşkəs əldə edilib və kürd terror təşkilatı bu atəşkəs razılaşmasına böyük ölçüdə əməl edir. Məqsəd kürdlərə geniş hüquqlar tanıyan və ölkənin cənub-şərq bölgələrində özünüidarəni genişləndirən dəyişikliklərə nail olmaqdır.

Lakin son vaxtlar barışıq prosesində anlaşılmazlıqlar meydana çıxıb. Kürd liderlər AKP-ni barışıq prosesi üçün qətiyyət göstərməməkdə və verdiyi vədlərə əməl etməməkdə günahlandırır. Seçki kampaniyasında əsas təbliğat da bunun üzərində qurulmuşdu. İlk baxışdan belə görünür ki, HDP də AKP-yə qarşı barışmaz müxalifətdədir.

Lakin AKP barışıq prosesinə dair ciddi güzəştlərə getməyə hazır olsa, kürd partiyası onunla koalisiyaya girə bilər. Kürdlər ilk dəfə Türkiyənin idarə edilməsində paya malik olmaq şansını yəqin ki, əldən buraxmazlar və AKP ilə koalisiyaya girməkdən sərfəli şərtlər daxilində imtina etməzlər.

Konstitusiyaya görə, prezident Ərdoğan koalision hökuməti formalaşdırmaq üçün səlahiyyətləri əvvəlcə baş nazir Əhməd Davudoğluna verməlidir. Davudoğlu koalision hökuməti formalaşdıra bilməsə belə səlahiyyətlər CHP lideri Kamal Kılıcdaroğluna veriləcək. Nəzəri olaraq AKP-nin azlıq hökuməti formalaşdırması mümkündür.

Ancaq bunun üçün müxalifət partiyalarının dəstəyi də lazımdır. Heç bir partiya koalisiyanı formalaşdıra bilməsə, prezident yeni seçkilər təyin edəcək.