“Biz bilirik ki, PYD bir gün Rusiya ilə eyni yataqda olmaqdan məmnun qalmayacaq”.
Strateq.az xəbər verir ki, kürd separatçılarını xeyli pəjmürdə edəcək bu sözləri ABŞ ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü polkovnik Stiv Varren deyib.
Polkovnik bu "izdivacın" baş tutmamasının səbəbini isə Rusiya ilə PYD-nin maraqlarının üst-üstə düşməməsiylə əsaslandırıb: "Rusiya ilə PYD-nin maraqları bir-biriylə uyğun deyil”.
Qeyd edək ki, PYD PKK-nın Suriya qanadıdır. Bu zamana qədər Türkiyənin irəli sürdüyü bu iddiaları ABŞ qəbul etmir, bu iki təşkilatı bir-birindən ayırı görürdü. Son zamanlar isə super gücün bu mövqeyi xeyli dərəcədə dəyişmiş, Türkiyənin tezislərinə yönəlmə hiss olunmuşdu.
Bir müddət əvvəl ABŞ-ın müdafiə naziri Eşton Karter jurnalistlərin suallarını cavablandırarkən açıq şəkildə PYD-ni PKK-nın şaxəsi adlandırmışdı.
Fikrimizcə, Pentaqon yetkililərinin mövqe dəyişikliyi heç də həqiqəti gec dərk etməkdən doğmayıb. Sadəcə, son zamanlar PYD ilə Rusiyanın arasında yaranan əlaqələr kürd separatçılarının ABŞ-ın “qara siyahı"sına düşməsi üçün kifayət edib.
Rusiya-PYD əlaqələri xüsusilə Türkiyənin rus təyyarəsini vurmasından sonra daha çox isinməyə başlayıb. Ankaradan qisas almaq istəyən Rusiya NATO qüvvələrilə üz-üzə gəlməkdən çəkindiyindən “saman altından su yeritməklə" öz niyyətini həyata keçirməyə çalışmış, bunun üçün isə kürd faktorundan yararlanmaq eşqinə düşmüşdür.
Məlumatlara görə, Moskva separatçılara silah verməklə kifayətlənmir, həmçinin, öz hərbi mütəxəssislərini göndərib onlara təlim keçir. Bəzi hallarda hətta rus mütəxəssislərinin PKK və onun Suriya qanadının cərgəsində Türkiyəyə qarşı vuruşduğu bildirilir. Təsadüfi deyil ki, bir müddət əvvəl Moskvada PKK-nın rəsmi ofisinin açılmasına belə, icazə verilmişdi.
Ekspertlər Rusiyanın bu “kürdsevərliyini” öz hədəfinə çatmaq üçün ondan istifadə etmək kimi qiymətləndirirlər. Mülahizələrə görə, Moskva Türkiyəyə istədiyi zərbəni vurduqdan və Ankaranın masaya oturmasını təmin etdikdən sonra kürd separatçılarının arxasından çəkiləcək. Çünki perspektiv planda kürdlərin öz müstəqilliklərini elan etməsi Moskvanın da işinə gəlmir: Bununla həm Rusiyanın Yaxın Şərqdə əsas müttəfiqi hesab olunan Bəşər Əsəd Suriyasının torpaq bütünlüyü pozulur, həm də Latakiya hava və Tartus dəniz hərbi bazaları ərtafında, ümumi götürdükdə isə Aralıq dənizinin şərq sahillərində qeyri-müəyyənlik artır. Sözsüz ki, bu qeyri-müəyyənliyi öz hərbi-strateji maraqları üçün təhlükə hesab edən Rusiyanın sona qədər kürd separatçılarının arxasında dayanması, həqiqətən də, mümkün görünmür.
Pentaqon yetkilisi də, yəqin, bu məntiqdən çıxış edərək, Rusiya-PYD izdivacının perspektivinə inanmır.
Heydər Oğuz
Strateq.az