XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 May 2016 - 08:40

ADR Hərəkatı siyasi durumdan narahatdır-niyə?

DSC01678

 

 

 

 

 

 

 

 

ADR Hərəkatının Ali Məclisi dünən özünün 4-cü sessiyasını keçirib. Sessiyanın sonunda təşkilat ölkənin iqtisadi-siyasi vəziyyətilə bağlı qətnamə qəbul edib.

Qətnaməni Strateq.az oxucularına təqdim edirik:

 

ADR Hərəkatının Ali Məclisinin 4-cü sessiyasının qətnaməsi

08 may 2016 Bakı şəhəri

ADR Hərəkatının Ali Məclisi ölkənin iqtisadi vəziyyətindən və sərhəd bölgələrindəki getdikcə artan gərginliklərdən ciddi narahatdır.

Ali Məclis bəyan edir ki, Azərbaycan hakimiyyəti neftin dünya bazarında ucuzlaşması ilə pisləşən yeni iqtisadi vəziyyətə adekvat addımlar atmır. Ölkə iqtisadiyyatının şaxələnməsinə şərait yaradılmır, siyasi və iqtisadi islahatlar yetərincə aparılmır. Nəticədə bütün ümidlər yenə neftin qiymətinin artacağına bağlanır, bununla da ölkənin iqtisadiyyatının perspektivində qeyri-müəyyənliklər çoxalır.

Hakimiyyət uğursuz iqtisadi siyasətinin ağır nəticələrini inzibati yollarla, xüsusilə də yanlış monetar və fiskal siyasətlərlə aradan qaldırmağa çalışır. Gözlənilən növbəti devalivasiyalardan yayınmaq üçün milli valyutanın müəyyən hissəsinin tədavüldən çıxarılması yanlış monetar siyasətin, büdcə xərcləmələrinin kəskin məhdudlaşdırılması isə səhv fiskal siyasətin leytmotivini təşkil edir. Nəticədə milli valyutamızın məzənnəsi nisbi sabit qalsa da, əhalinin alıcılıq qabiliyyəti aşağı düşür, işgüzar fəallıq səngiyir, beləliklə də, qeyri-neft sektorunda investisiya mühiti əlverişsiz hala gəlir, xüsusilə də kiçik biznes subyektləri müflisləşir. Təsadüfi deyil ki, iqtisadiyyatın şaxələnməsinin hədəf kimi qarşıya qoyulduğu bir vaxtda orta və iri biznes subyektləri də fəaliyyətlərini məhdudlaşdırmaq məcburiyyətində qalırlar. Yalnız bu faktın özü yanlış fiskal və monetar siyasətlərin nəinki iqtisadi şaxələnməyə xidmət etmədiyini, hətta mövcud imkanları məhdudlaşdıraraq sıradan çıxartdığını sübut edir.

Vergi inzibatçılığı sahəsində də vəziyyət ürəkaçan deyil. Əlaqədar təşkilatların kameral yoxlamalarla cərimə və sanksiyaları kütləvi formada tətbiqi ilk növbədə iş adamlarına zərbə vurur, işgüzar fəallığı aşağı salır, bir çox hallarda iş adamlarının ölkəni tərk etməsini sürətləndirir. Atılan sistemsiz addımlar işsizliyin çoxalmasına, sosial gərginliklərin artmasına səbəb olur.

Əhalinin sosial durumunun, biznesin iqtisadi vəziyyətinin pisləşməsi bank sektorunu da çətin vəziyyətə salıb. Kredit alan müştərilərin borcunu qaytarmaq iqtidarında olmaması bir sıra bankları iflas həddinə çatdırıb. Bankların kreditlərini geri almaq üçün davamlı və sərt təzyiqləri intihar, ailələrin dağılması və sairə kimi sosial problemləri artırıb.

Ümumilikdə, siyasi və iqtisadi islahatların gecikməsi Azərbaycanı beynəlxalq imicinə də zərbə vurur, ölkəyə sərmayə axınını əngəlləyir və bu gələcəkdə arzuolunmaz nəticələrə yol aça bilər. ADR hərəkatı istisadi sahədə mövcud böhranlı vəziyyətdən çıxış yollarını özündə göstərən “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketini hazırlayıb hakimiyyət orqanlarına təqdim edib. Təqdim olunmş Paketə dair Prezident Aparatında müsbət cavab daxil olsa və onda 3 aydan çox müddət ötsə də hələ də Paketdə irəli sürülən təkliflər reallaşdırılmayıb.

İdarəetmədə represiya siyasətinə üstünlük verilməsi, buna rəğmən həbsxanalarda çoxlu sayda jurnalistlərin, ictimai və siyasi xadimlərin saxlanılması dövlət üçün yaxşı perspektiv vəd etmir, onun nüfuzuna zərbə vurur, demokratik və mütərəqqi ölkələrlə səmərəli inteqrasiyaya təhlükə yaradır.

Son zamanlar Qarabağda cəhbə bölgəsindən daxil xəbərlər də narahatçılığı artırır. 22 ildən bəri hökm sürən atəşkəs rejimi artıq mütəmadi olaraq pozulur. Acınacaqlı haldır ki, ordumuzun erməni sepatizminə qarşı apardığı uğurlu əməliyyatları diplomatik danışıqlarda tam istədiyimiz səviyyədə təqdim olunmur. Xüsusilə Rusiyanın basqısı ilə 5+2+status formulu kimi Azərbaycanın önünə əslində itkimizə hesablanmış sülh sazişləri çıxarılır. Halbuki, istər Kazan, istərsə də Madrid görüşlərində bu təkliflər paketi vaxtı ilə Azərbaycan hakimiyyəti tərəfindən rədd edilmişdi. Hazırda isə tərəfləri atəşkəsi dayandırmağa məcbur edən Rusiyanın Azərbaycan tərəfindən rədd edilən bu formulu yeganə həll yolu kimi təqdim etməsi narahatlıq doğurur. Rusiyanın müdaxiləsilə Azərbaycan sanki öz suverenlik haqlarından güzəştə getməyə məcbur edilir. Sözsüz ki, bu məsələdə təkcə dünyanın ermənipərəst mövqeyi əsaslı rol oynamır. Həm də Xarici İşlər Nazirliyinin hərəkətsizliyinin, fəaliyyətini düzgün qurmamasının, Rusiyadan asılı siyasi kurs tutmasının da bu arzuolunmaz nəticədə böyük payı var.

Müharibənin informasiya siyasəti də lazımı səviyyədə düzgün qurulmayıb. Erməni tərəfi dünyanın dörd bir tərəfində, o cümlədən, Rusiyada KİV-lərində apardığı ardıcıl dezinformasiya siyasəti ölkəmizin diplomatik masalarda mövqeyni zəiflədir. Azərbaycan tərəfi isə hətta ölkə vətəndaşlarını operativ məlumatlandıra bilmir. Nəticədə vətəndaşlarımız erməni və rus mənbələrindən informasiya almaq məcburiyyətində qalır. Beləliklə də, müasir savaşların əsas elementlərindən sayılan psixoloji müharibədə düşmənlərimiz ictimai rəyə daha çox təsir imkanına malik olurlar.

Bütün bunları nəzərə alan ADR Hərəkatı hakimiyyəti ənənəvi siyasətdən uzaqlaşıb, demokratik islahatlara başlamağa və Qərblə inteqrasiya xəttində bütün maneələri qaldırmağa çağırır.