"İran İslam Respublikasının regional sahil sularında beynəlxalq hüququn müəyyən etdiyi sərhədlər xaricində heç bir iddiası yoxdur”.
Strateq.az xəbər verir ki, bunu İranın müdafiə naziri Hüseyn Dehgan bildirib. Nazir İranın dini lideri ayətullah Əli Xameneyinin bir fikrini şərh edərkən, belə deyib.
Xatırladaq ki, Xameneyi Fars körfəzinin və Oman dənizinin bir hissəsində hegemonluq haqqının yalnız İran İslam Respublikasına aid olduğunu vurğulamışdı. Ona bu sözləri dedizdirən isə ABŞ-ın digər körfəz ölkələriylə bərabər Oman dənizi və Fars körfəzində hərbi manevr keçirməsi idi. Manevri öz suverenlik haqlarına təhdid kimi qiymətləndirən İran rəsmiləri Fars körfəzini gəmi hərəkətlərinə bağlayacaqlarına eyham vurmuşdular. Dünya neft hasilatının 3/1-nə sahib olan və onun dünya bazarına tranzitində mühüm rol oynayan körfəzin bağlanması qlobal sənayeni alt-üst edəcəyindən çəkinən güc mərkəzləri bu təhdiddən ciddi narahat olmuşdular.
Dünya sənayeçilərinin ürəyini azına gətirən bu açıqlamanı şərh edən Dehgan daha sonra bildirib:
“İnqilab rəhbərinin buyruqları özünümüdafiəmizi təminat altına almaq, gözlənilən hücumları dəf etmək, torpaqlarımızı qorumaq üçün hava, quru və dəniz sahəsində bizə bu icazəni verən hüquqların çərçivəsindən bəhs edir. Nüfuzumuz altındakı bölgələrdə manevr keçirmək üçün bizə heç bir məhdudiyyət qoyula bilməz. Bu gün Amerika və ona bağlı olan Səudiyyə Ərəbistanının puluyla idarə olunan dövlətlər bu sularda heç bir mənfəətlərinin olmadığını iddia edirlər. Buna baxmayaraq, Amerika və regional güclərin bölgədəki varlığını təmin edənlər bu güvənsiz ortamın günahını İranın üzərinə atırlar”.
Dehgan regiondan çox-çox uzaqlarda yerləşməsinə baxmayaraq, Yaxın Şərqdə hərbi qüvvələrini yerləşdirən “özgələrin” əslində məzhəb müharibələrini çıxaran əsas güc olduqlarını da vurğulayıb:
“Minlərlə kilometr kənardan gəlib bölgədə dinclik və təhlükəsizliyi təmin edəcəklərini iddia edənlər bilməlidir ki, sabitsizliyin əsl səbəbi onların bölgədəki varlıqlarıdır”.